ELM VƏ TƏHSİL
Xantı-Mansiysk şəhərində Hacı Zeynalabdin Tağıyevə həsr edilən beynəlxalq sərginin açılışı olub
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də Xantı-Mansiysk Muxtar Dairəsi - Yuqranın büdcə təşkilatı Geologiya, neft və qaz muzeyinin (Rusiya Federasiyası) və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Hacı Zeynalabdin Tağıyev - sənayeçi və xeyriyyəçi. Rusiya və Azərbaycan tarixində şəxsiyyətin rolu” adlı beynəlxalq sərginin açılış mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Milli Azərbaycan Tarixi Muzeyindən məlumat verilib. Bildirilib ki, tədbirdə muzeyin Beynəlxalq Əlaqələr və İctimaiyyətlə İş şöbəsinin elmi işçisi Fuad Ağayev məşhur neft sahibkarı Hacı Zeynalabdin Tağıyevin ictimai, maarifçilik, xeyriyyəçilik fəaliyyətindən bəhs edib. Eyni zamanda, muzeyin Tağıyev irsinin tədqiqi, təbliği və bu istiqamətdə gördüyü maarifləndirici tədbirləri xüsusi qeyd edib.
Geologiya, neft və qaz muzeyinin elmi işlər üzrə direktor müavini coğrafiya elmləri namizədi İvan Yaşkov isə sərgi-tədbirin əhəmiyyəti barədə fotoslaydın müşayiəti ilə ətraflı məlumat verib. O, həm də Milli Azərbaycan Tarixi Muzeyi ilə gələcəkdə müxtəlif beynəlxalq sərgilərin, onlayn elmi, maarifləndirici, interaktiv layihələrin həyata keçirilməsindən danışıb.
Fuad Ağayev muzeyin nəfis tərtibatlı nəşri olan “Tağıyev sarayı” və “H.Z.Tağıyev fotoşəkillərdə” adlı kitabları Xantı-Mansiysk Muxtar Dairəsi - Yuqranın Mədəniyyət Departamentinin direktoru Artur Latıpova Milli Azərbaycan Tarixi Muzeyi adından hədiyyə edib.
O, iştirakçıları sərgini izləməyə dəvət edib.