İQTİSADİYYAT
Xaricdə təhsillə bağlı Təqaüd Proqramında iştirak etmək istəyən 18 namizədin müraciətinə baxılıb
Bakı, 7 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) xaricdə təhsillə bağlı Təqaüd Proqramının müsabiqə komissiyasının növbəti iclası keçirilib.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda istedadlı və perspektivli gənclərin şirkətin vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə Təqaüd Proqramı çərçivəsində həyata keçirilən işlərin uğurla davam etdirildiyi bildirilib.
İclasda Təqaüd Proqramı çərçivəsində Fransanın Universiteti Du Sud, Böyük Britaniyanın Mançester və Aberdin, Türkiyənin Orta Doğu Texniki Universitetlərində təhsillərini müvəffəqiyyətlə başa vurmuş Nizami İsrafilov, Orxan Firdovsi, Fərhad Əkbərov və Rüfət Məmmədov təhsil aldıqları ixtisas və ali təhsil ocaqları, həmçinin Azərbaycanın təbliği yönündə ictimai fəaliyyətləri barədə məlumat veriblər.
Daha sonra Proqrama qoşulmaq üçün müraciət edən 18 namizəd komissiya üzvlərinin suallarını cavablandırıb, onların seçdikləri ixtisas və ali təhsil müəssisələri barədə məlumatları dinlənilib. Komissiyaya müraciət edən tələbələrdən 15-i magistr, 3-ü isə bakalavr dərəcəsi olmaqla mühəndislik, iqtisadiyyat və insan resursları ixtisasları üzrə Böyük Britaniya, Fransa və Kanada universitetlərində təhsil almaq arzusundadırlar. Namizədlərin ARDNŞ-in maliyyə vəsaiti hesabına xarici universitetlərdə təhsil alması barədə qərar Komissiya üzvlərinin yekun rəyindən sonra veriləcək.