İQTİSADİYYAT
Xarici dövlət borcunun Maliyyə Nazirliyinin istiqrazları vasitəsilə azaldılması dövlət istiqrazları bazarına müsbət təsir edib
![Xarici dövlət borcunun Maliyyə Nazirliyinin istiqrazları vasitəsilə azaldılması dövlət istiqrazları bazarına müsbət təsir edib](/files/2023/1/1200x630/16745695491457159531_1200x630.jpg)
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycanın xarici dövlət borcu keçən ilin əvvəlində ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, ilin yekunlarına görə bu, 9,5 faizədək azalıb. Bu azalma dövlətin beynəlxalq maliyyə institutlarından asılılığının minimuma enməsinə səbəb olub. Xarici dövlət borcu Maliyyə Nazirliyinin dövlət istiqraz emissiyası vasitəsilə azaldılıb. Son bir ildə dövlət istiqrazlarının həcmi 1,87 dəfə, yəni 1 milyard 184 milyon manat artıb. 2021-ci ildə Maliyyə Nazirliyi 1 milyard 356 milyon manat həcmində istiqraz emissiya edib. Ötən il isə bu emissiyanın həcmi 2 milyard 540 milyon manat olub. Bunun vasitəsilə xarici dövlət borcu son 1 ildə 13 faiz azalaraq 8,1 milyard dollardan, 7,1 milyard dollaradək enib.
Dövlət istiqrazlarının həcminin artırılması və fiziki şəxslərə təsiri ilə bağlı “AzFinance” İnvestisiya Şirkətinin direktoru İntiqam Səfərəliyev AZƏRTAC-a bildirib ki, istiqraz bazarı Azərbaycanda son illər inkişaf etməkdədir və dövlətin bazarı stimullaşdırmaq üçün atdığı son addımlar əhalinin vəsaitlərini bu yöndə investisiya etməsinə imkan yaradacaq: “Xarici dövlət borcunun Maliyyə Nazirliyinin istiqrazları vasitəsilə azaldılması dövlət istiqrazları bazarına müsbət təsir edib. Həmçinin fevralın 1-dən fiziki şəxslərin bank depozitlərinin faiz gəlirlərinin vergiyə cəlb olunması əmanətçiləri bu bazara yatırım etməyə həvəsləndirəcək. Çünki dövlət istiqrazlarının faiz gəlirləri vergidən azaddır. Bank əmanətinə alternativ maliyyə aləti olan istiqrazların bir çox üstün konturları da var. Bank əmanətini vaxtından əvvəl götürdüyünüz zaman yığılmış faizlər əmanətçiyə verilmir, lakin dövlət istiqrazlarına vəsaitini yerləşdirən əmanətçilər pullarını istədikləri vaxt yığılmış vəsaitlə birlikdə geri götürə bilirlər”.