SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Mayın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Avropa Şurası Nazirlər Komitəsinin AQO monitorinq qrupu nümayəndə heyətinin başçısı Pyetro Erkole Aqonu və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Nazir Vilayət Quliyev qonaqları səmimi salamlayaraq, Azərbaycanın Avropa Şurasına üzv olduğu müddət ərzində ölkəmizin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi sahəsində görülən işlərdən danışdı. Müəyyən sahələrdə irəliləyişlərin əldə olunmasını konkret misallarla qeyd edən nazir Avropa Şurası Nazirlər Komitəsinin AQO monitorinq qrupu ilə birgə fəaliyyətin zəruriliyini bildirdi. Xarici siyasət idarəsinin başçısı Vilayət Quliyev Avropa Şurası Nazirlər Komitəsinin bu yaxınlarda Vilnüsdə keçirilmiş 110-cu sessiyasının iclasında Azərbaycan üçün əhəmiyyət kəsb edən bir sıra məsələlərin müzakirə edildiyini xatırladaraq, ölkəmizin bu qurumda bundan sonra da layiqincə təmsil olunması üçün öz səylərini əsirgəməyəcəyini nəzərə çarpdırdı.
Avropa Şurası Nazirlər Komitəsinin AQO monitorinq qrupunun başçısı Pyetro Erkole Aqo Azərbaycana səfərinin məqsədini Avropa Şurası qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi sahəsində vəziyyətlə tanış olmaqdan ibarət olduğunu açıqladı. Qonaq Azərbaycanın üzv olduğu qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsinə məsuliyyətlə yanaşdığını qeyd edərək, ölkəmizin bundan sonra da qoyulmuş öhdəliklərin həllinə ciddi yanaşacağına ümidvar olduğunu bildirdi. Sonra nümayəndə heyətinin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan işlərlə maraqlandı.
Nazir Vilayət Quliyev bu münaqişənin həlli istiqamətində aparılan işlərdən ətraflı danışaraq, Azərbaycanın öhdəliklərə sadiq qalaraq münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirdi. Nazir həmçinin, münaqişənin beynəlxalq birliyin səyləri ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasının vacibliyini qeyd etdi.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edildi.