SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİ XƏBƏR VERİR
Buxarestdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının geniş ofisinin açılış mərasimi olmuşdur.
Mərasimdə bu təşkilatların rəhbərləri, Rumıniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvləri, senatorlar, ölkənin xarici işlər, mədəniyyət və təhsil nazirliklərinin, şəhər meriyasının nümayəndələri, Buxarest müsəlmanlarının dini rəhbəri və başqaları iştirak etmişlər.
Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi, məşhur kardioloq, akademik, senator İon Por de Pora mərasimi açaraq, ofisin açılışı ilə yanaşı, Avropada tanınmış jurnalist Minodor Mitrikanın rumın dilində çapdan çıxmış “Azərbaycanın dirçəlişi” kitabının təqdimat mərasiminin də keçirildiyini bildirmişdir.
Cəmiyyətin sədri, Buxarest Universitetinin professoru Simion Yurak, cəmiyyətin sədr müavini, türk iş adamları dərnəyinin sədri doktor Dursun Altınışık, Rumıniya-Türkiyə ticarət və sənaye palatasının sədri Tamer Atalay, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının sədri, Buxarestdə təhsil alan azərbaycanlı tələbə İqbal Hacıyev və başqaları çıxış edərək, Azərbaycanın tarixinə, mədəniyyətinə, elminə, ədəbiyyatına, azadlıq uğrunda mübarizəsinə, müstəqillik dövründə əldə olunan nailiyyətlərə və bu sahədə Azərbaycan Prezidenti cənab Heydər Əliyevin tarixi xidmətlərinə, habelə Rumıniya-Azərbaycan münasibətlərinə həsr olunmuş “Azərbaycanın dirçəlişi” kitabının nəşrini, böyük rumin şairi Mixay Emineskunun kitabının Azərbaycan dilinə, xalq şairi Bəxtiyar Vahabzadənin poeziya toplusunun, türk dünyasının ən böyük yazılı abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanının rumın dilinə tərcümə edilməsini xalqlarımız və ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi qiymətləndirmişlər.
Ölkəmizin Rumıniyadakı səfiri Eldar Həsənov mərasim iştirakçılarını Azərbaycan hökuməti adından təbrik edərək, səmərəli fəaliyyət göstərən hər iki təşkilatın ofislə təmin edilməsinin onların işinə və ümumən ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafına kömək edəcəyinə əmin olduğunu vurğulamış, Rumıniya hökuməti tərəfindən səfirliyə və həmin təşkilatlara göstərilən qayğıya görə minnətdarlığını bildirmişdir.
Səfir on il əvvəl, 1992-ci il mayın 8-də Azərbaycanın Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu xatırlatmış, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və nəticələrindən danışaraq, erməni təbliğatının böhtan və uydurmalarının ifşa edilməsi, Azərbaycan həqiqətlərinin təbliği sahəsində təşkilatların fəallıq göstərməsinin zəruriliyini vurğulamışdır.
Mərasim iştirakçıları Şuşa uğrunda döyüşlərdə həlak olmuş Azərbaycan oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Buxarest müsəlmanlarının dini rəhbəri İmam Osman Əziz yeni ofisin açılışı münasibətilə xeyir-duasını vermişdir.
Türkiyənin Rumıniyadakı səfiri Ömər Zeytınoğlu mərasimdə iştirak etmişdir.