SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin xarici işlər nazirlərinin iyunun 25-27-də Sudanın paytaxtı Xartumda keçirilən 29-cu sessiyasında iştirak etmişdir.
Nazir V.Quliyev sessiyada çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, o cümlədən təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğalı, bir milyondan artıq azərbaycanlının öz torpaqlarından didərgin düşməsi barədə bir daha məlumat vermiş, problemin sülh yolu ilə həllinə dair Azərbaycan tərəfinin mövqeyini sessiya iştirakçılarının diqqətinə çatdırmışdır. O, beynəlxalq terrorizmlə mübarizə məsələlərindən danışaraq, terrorizmə bilavasitə məruz qalan bir ölkə kimi Azərbaycanın terrorizmin bütün forma və təzahürlərinə qarşı qətiyyətlə çıxdığını bildirmiş, dünya birliyini bu bəlaya qarşı mübarizədə səyləri səfərbər etməyə çağırmışdır. Nazir islam dünyasını narahat edən bir sıra mühüm problemlərə də toxunmuş, Azərbaycan tərəfinin münasibətini açıqlamışdır. Yaxın Şərqdə baş verən son hadisələrdən Azərbaycan tərəfinin narahatlığını ifadə edən V.Quliyev münaqişənin beynəlxalq hüquq normaları əsasında, sülh yolu ilə və ədalətli şəkildə həll olunacağına, regionda təhlükəsizliyin və sabitliyin tezliklə bərqərar olacağına ümid etdiyini bildirmişdir.
Daha sonra nazir islam həmrəyliyinin möhkəmləndirilməsinin zəruriliyinə toxunaraq, üzv dövlətlərin münaqişələrlə bağlı digər beynəlxalq təşkilatlarda da bir-birinə fəal dəstək verməsinin vacibliyini vurğulamışdır.
V.Quliyev çıxışının sonunda Azərbaycanın islam ölkələri ilə hərtərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini, onlarla münasibətlərin dövlətimizin xarici siyasətinin mühüm istiqamətlərdən biri olduğunu vurğulamışdır.
İKT ölkələri xarici işlər nazirlərinin 29-cu sessiyası Xartum bəyannaməsini qəbul etmişdir. Bəyannamədə islam dünyasını narahat edən bir sıra məsələlər, o cümlədən Ermənistanın Azərbaycana təcavüzü öz əksini tapmışdır.
Sessiya islam ölkələrinin taleyüklü problemlərinə dair çoxsaylı qətnamələr, o cümlədən Azərbaycana dair üç qətnamə - “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü”, “Azərbaycan Respublikasına təcili iqtisadi və humanitar yardım göstərilməsi” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində işğal olunmuş ərazilərdə islam tarix və mədəniyyət abidələrinin məhv edilməsi” - qəbul etmişdir.
Sessiyanın gedişi zamanı xarici işlər naziri V.Quliyev İKT-nin baş katibi Əbdül Vahid Bilqəziz ilə görüşərək, Azərbaycan-İKT əlaqələrinin inkişafı məsələlərini müzakirə etmiş, Sudan, Malayziya, İran, Banqladeş və digər ölkələrin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirmişdir.