SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Mayın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatına üzv olan ölkələrin və Təşkilatda müşahidəçi qismində iştirak edən dövlətlərin Bakıda akkreditə olunmuş səfirlərini qəbul etmişdir.
Nazir Vilayət Quliyev bu il aprelin 8-də Azərbaycan Respublikasının Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatında müşahidəçi qismində iştirak etməsinə kömək göstərən dövlətlərə təşəkkürünü bildirərək, Azərbaycanın Avropanın tərkib hissəsi olaraq, öz xarici siyasətində Avropa və Avroatlantik qurumlarına inteqrasiyaya xüsusi önəm verdiyini bildirdi. Xarici siyasət idarəsinin başçısı mütəşəkkil cinayətkarlıq, terrorçuluq, qanunsuz pulların yuyulması, narkotik maddələrin dövriyyəsi, silah və insan ticarəti ilə mübarizə sahələrində Cənub-Şərqi Avropa ölkələrinin və Azərbaycanın maraqlarının üst-üstə düşməsinin xüsusi əhəmiyyət daşıdığını bildirmişdir. Quliyev Azərbaycanın regionda mühüm coğrafi-strateji rolunu, TRASEKA proqramında fəal iştirakını, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğunu önə çəkərək, Azərbaycanın CŞAƏTT-da müşahidəçi qismində iştirakının çox əhəmiyyətli olduğunu qeyd etmişdir. Bu sahədə informasiya mübadiləsinin genişləndirilməsinin tərəfdarı olduğunu bildirən nazir, meydana çıxacaq təhlükələrin qarşısının alınması istiqamətində Azərbaycanın beynəlxalq təşkilatların yaxından köməyi ilə əlverişli imkan əldə edəcəyindən razılıqla söhbət açmışdır.
Xarici işlər naziri Vilayət Quliyev Mərkəzin direktoru Ferens Banfinin Bakıya nəzərdə tutulmuş səfərinin CŞAƏTT ilə Azərbaycan arasında faydalı əməkdaşlığın inkişafına təkan verəcəyini qeyd edərək, təşkilatın Orta Asiya və Qafqaz ölkələri üzrə regional nümayəndəliyinin Bakıda təsis edilməsi barədə Azərbaycan tərəfinin təşəbbüsünün təşkilata üzv olan və müşayidəçi ölkələr tərəfindən dəstəklənəcəyinə ümidvar olduğunu bildirmişdir.
Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatına üzv olan ölkələrin və Təşkilatda müşahidəçi qismində iştirak edən dövlətlərin Bakıda akkreditə olunmuş səfirləri Azərbaycanın daha bir təşkilatda iştirakını yüksək dəyərləndirərək, bu hadisəni ölkəmizin Avropa təsisatları ilə sıx əməkdaşlığını nəticəsi kimi qiymətləndirdilər.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edildi.