SİYASƏT
Xətai rayonunu əhatə edən seçki dairələri dairə seçki komissiyalarında məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər keçirilir
Bakı, 23 sentyabr (AZƏRTAC). Sentyabrın 23-də 33, 34, 35, 36 saylı Xətai I, II, III, IV seçki dairələri dairə seçki komissiyalarında məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlərə başlanılmışdır.
AZƏRTAC xəbər verir ki, oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə hazırlıq məqsədilə 35 saylı Xətai III seçki dairəsi dairə seçki komissiyasında (DSK) təşkil olunmuş tədbiri DSK-nın sədri İmran Hüseynəliyev aparmışdır.
Treninqdə plana uyğun olaraq 6 məntəqə seçki komissiyasının sədri və üzvləri iştirak etmişlər.
Tədbirdə trenerlər - dairə seçki komissiyasının katibi Əliqismət Səfərovun, aparıcı məsləhətçi Sevinc Əzizovanın seçkiyə hazırlıq işlərinin vəziyyəti və seçki günü həyata keçiriləcək proseslərlə bağlı məruzələri dinlənilmişdir.
Yekun protokolunun doldurulması və səslərin hesablanma qaydası komissiya üzvlərinə izah olunmuş və treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Treninqlərin ilk günündə 36 saylı Xətai IV seçki dairəsi dairə seçki komissiyasının tədbirində 12 məntəqənin üzləri iştirak etmişlər. Trenerlər Arif Əhmədov və Həbib Qurbanovun apardıqları treninqlərdə seçkilərin şəffaflığı üçün həyata keçiriləcək prosedurlar barədə məlumat verilmişdir.
Treninqin iştirakçılarına “Seçki günündə məntəqə seçki komissiyasının rolu və vəzifəsi”, “Seçki günündə müstəsna hallar”, “Səsvermə proseduruna dair praktik tapşırıqlar”, “Səslərin hesablanmasına hazırlıq”, “Yekun protokolun doldurulması qaydası” və digər mövzularda məruzələr təqdim olunmuşdur.