Xəzər dənizində sualtı arxeoloji ekspedisiyanın 50 illiyi qeyd olunub
Bakı, 13 mart, P.İmanova, AZƏRTAC
Martın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində “Sualtı arxeoloji ekspedisiya - 50, Viktor Kvaçidze - 85” mövzusunda elmi seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda muzeyin direktoru, akademik Nailə Vəlixanlı 50 il bundan əvvəl Xəzər akvatoriyasında genişmiqyaslı sualtı arxeoloji axtarışlar aparmış ekspedisiyanın fəaliyyəti, ekspedisiyanın rəhbəri Viktor Kvaçidzenin həyat və fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, 1968-ci ildə muzeyin elmi əməkdaşı, arxeoloq V.Kvaçidzenin rəhbərliyi ilə Xəzər dənizində sualtı ekspedisiya təşkil olunub. Bugünkü tədbir ekspedisiyanın 50, onun daimi rəhbəri V.Kvaçidzenin isə 85 illiyinə həsr edilib.
V.Kvaçidze ilə uzun illər birgə çalışdıqlarını deyən N.Vəlixanlı həmin ekspedisiyanın fəaliyyəti barədə muzeydə müxtəlif görüş və tədbirlər keçirildiyini söyləyib. Bildirilib ki, muzeydə ekspedisiyaya həsr olunan xüsusi guşə təşkil edilib və orada su altından tapılmış arxeoloji materiallar yer alıb.
Sonra tarix üzrə fəlsəfə doktoru, şöbə müdiri Nasir Quluzadə “Xəzər akvatoriyasında sualtı arxeoloji tədqiqatlar və Viktor Kvaçidze” mövzusunda məruzə ilə çıxış edib. O, vaxtilə ekspedisiyanın və V.Kvaçidzenin çalışdığı şöbənin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, 50 il bundan əvvəl muzey tərəfindən təşkil olunan sualtı arxeoloji ekspedisiyaya iyirmi il V.Kvaçidze rəhbərlik edib. Məhz onun rəhbərliyi ilə Azərbaycan arxeologiyası bir sıra nailiyyətlərə imza atıb. Seminarın keçirilməsinin məqsədi mütəxəssislərin, elmi ictimaiyyətin diqqətini bir daha sualtı arxeoloji tədqiqatların vacibliyinə, aktuallığına yönəltməkdir. Vurğulanıb ki, müasir dövrdə həmin sahənin inkişaf etdirilməsinə böyük ehtiyac var.
Diqqətə çatdırılıb ki, Xəzər sahillərində sualtı arxeoloji tədqiqatların aparılması iki vacib amil ilə şərtləndirilir. Birincisi, bunu yerüstü əlamətlərin və təsadüfi tapıntıların Xəzər sahillərində vaxtilə yaşayış məskənlərinin olmasına şəhadət verməsi zəruri edirdi. Bu amilin vacibliyini həmin yaşayış məskənləri ilə bağlı tarixi mənbələrdəki məlumatlar da təsdiqləyir. Xəzər sahillərində tədqiqatların aparılmasını zəruri edən ikinci amil isə bu ərazilərin arxeoloji baxımdan ümumiyyətlə öyrənilməməsi və ya qismən öyrənilməsidir.
N.Quluzadə bildirib ki, sualtı tədqiqatlara hazırlıq məqsədilə V.Kvaçidze və ekspedisiyanın üzvü G.Ağayev DOSAAF-ın sualtı üzgüçülük klubunda, Moskva və Sankt-Peterburq şəhərlərində xüsusi təcrübə keçiblər. Onlar tədqiqatlar üçün tələb olunan avadanlıq, qurğu və ləvazimatlar ilə tanış olub, sualtı axtarış üsullarını öyrəniblər. Arxeoloq V.Kvaçidzenin rəhbərlik etdiyi tədqiqat qrupu 1968-1987-ci illərdə Xəzərin Azərbaycan sahili boyunca və Plita Poqorelaya, Pavlov və Kür sualtı bankələrinin, eləcə də Bulla, Oblivnoy, Səngi-Muğan, Böyükdaş və Kiçikdaş adalarının, Pirsaat silsiləsinin, Abşeronun Amburan burnunun (köhnə Bilgəh), Gürgan və s. Azərbaycan akvatoriyası sualtı abidələrinin tədqiqi üçün arxeoloji ekspedisiyalar təşkil edib.
Çıxış edənlər V.Kvaçidzenin rəhbərliyi ilə sualtı arxeoloji ekspedisiyanın fəaliyyətindən söz açıb, müasir dövrdə bu sahənin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.