ELM VƏ TƏHSİL
Xəzər Universitetinin müəllimi Gürcüstan Hərb Tarixi Cəmiyyətinin fəxri üzvü seçilib
Bakı, 18 noyabr, AZƏRTAC
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov Gürcüstan Hərb Tarixi Cəmiyyətinin fəxri üzvü seçilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, cəmiyyətin sədri Mamuka Gogitidze və sədr müavini Giorgi Bejitaşvili tərəfindən təqdim edilən üzvlük diplomunda Səbuhi Əhmədovun Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin möhkəmləndirilməsində göstərdiyi səylər xüsusi qeyd olunub.
Azərbaycanın hərb tarixinə həsr olunmuş bir sıra nəşrlərin müəllifi olan Səbuhi Əhmədov, həmçinin XIX-XX əsrin əvvəllərində Azərbaycan milli hərbi hissələrinin yaradılmasında azərbaycanlılarla bərabər fəaliyyət göstərmiş digər millətlərin nümayəndələrinin həyat və fəaliyyətinin öyrənilməsi, eləcə də Qafqaz silahlarının tədqiqi ilə bağlı yazıların müəllifidir.