MƏDƏNİYYƏT
XTNS-nin “Azərbaycan” pavilyonunda azərbaycanlı rəssam Abbas Kazımovun əsərlərinin sərgisi açılıb
Moskva, 2 iyun, AZƏRTAC
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda azərbaycanlı rəssam, Abşeron rəssamlıq məktəbinin parlaq nümayəndələrindən biri olan Abbas Kazımovun (1956-2021) əsərlərindən ibarət sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə rəssamın 2000-2015-ci illərə aid işləri nümayiş etdirilir.
Azərbaycanın rusiyadakı səfiri Polad Bülbüloğlu sərginin açılış mərasimində çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya XTNS-nin “Azərbaycan” pavilyonunun bərpası prosesinə göstərdikləri hərtərəfli dəstəyə görə təşəkkürünü bildirib, bu pavilyonda çoxsaylı tədbirlər keçirildiyini vurğulayıb.
P. Bülbüloğlu Abbas Kazımovla tanışlığının tarixi barədə söhbət açaraq, 1981-ci ildə Yuli Qusmanın “Qorxma, mən səninləyəm” filminin çəkilişində birgə iştirak etmələrini xatırlayıb. Səfir deyib: “O vaxtdan dostlaşdıq. Onun mənə hədiyyə etdiyi bir neçə rəsm əsərini evimdə saxlayıram. Onun çox orijinal yaradıcılıq üslubu Azərbaycan incəsənətinin bir sıra elementlərini, Abşeron rəssamlıq məktəbinin üslubunu ehtiva edir. Rəssam bütün dünyada məşhur idi. Abbasın rəsm əsərləri həm Rusiya Federasiyasının, həm də başqa ölkələrin ən yaxşı qalereyalarında saxlanılır”.
P.Bülbüloğlu qeyd edib ki, Abbas Kazımov son dərəcə təvazökar, dostcanlı, səmimi insan, əsl dost idi. Diplomat deyib: “Mən mədəniyyət naziri olanda da, sonradan səfir olanda da onun yaradıcılığının təbliğinə şərait yaratmışam. Biz həm Bakıda, həm də Moskvada onun sərgilərini təşkil etmişik. Heç kəs ağlına belə gətirə bilməzdi ki, idmanla, o cümlədən karate ilə demək olar peşəkar səviyyədə məşğul olan Abbas XXI əsrin hansısa dəhşətli xəstəliyi ucbatından bizi tərk edəcək. Abbas Kazımovun yaradıcılığının coşqun dövründə amansız ölüm onu sıralarımızdan qopardı. Bunu dərk etmək çox ağırdır. Bu sərgidə onun insanları xeyirxahlığa, qarşılıqlı anlaşmaya səsləyən çoxsaylı əsərləri nümayiş etdirilir. Bu gün, indiki mürəkkəb dövrdə belə duyğular çox vacibdir. Fikrimcə, onun xatirəsi dostlarının qəlbində və əlbəttə, yaratdığı rəsm əsərlərində yaşayacaq. İllər keçəcək, lakin bu əsərlər bizimlə qalacaq”.
TASS informasiya agentliyinin baş direktorunun birinci direktorunun birinci müavini Mixail Qusman da rəssamla şəxsən tanış idi. Abbas Kazımovu səmimi və saf insan kimi xarakterizə edən M.Qusmanın fikrincə, Abbas Kazımovun sərgisinin məhz iyunun 1-də açılması rəmzi məna daşıyır, çünki onun uşaqlarla bağlı işləri çox olub. M.Qusman deyib: “Fikrimcə, belə sərgilər hələ çox olacaq. Mən “Azərbaycan” pavilyonunun rəhbərliyinə, pavilyonun direktoru, bu sərgini təşkil etmiş Səadət Qədirovaya, habelə bu sərgidə nümayiş etdirilən işlərin seçilməsinə görə Abbasın ailəsinə təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, həm Abbasa, həm də onun yaradıcılığına rəğbət bəsləyən çoxsaylı insanlar bu sərgini ziyarət edəcəklər”.
“Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova Uşaqların Beynəlxalq Müdafiəsi Günündə maraqlı sərgilər keçirilməsini “çox yaxşı ənənə” adlandırıb. O deyib: “Keçən il burada Erza Fondu uşaqların əl işlərindən ibarət beynəlxalq sərgi təşkil etmişdi, bu il isə azərbaycanlı ustad sənətkar Abbas Kazımovun sərgisi keçirilir”. S.Qədirova Abbas Kazımov haqqında xatirələrini bölüşərək qeyd edib ki, Qarabağın işğal edilməsi Kazımov üçün böyük ağrı idi. Rəssam Xocalı faciəsinə silsilə əsərlər həsr etmişdi. S.Qədirova deyib: “O, Qələbənin birinci ildönümü ərəfəsində - noyabrın 8-də vəfat etdi. Mən istəyirəm ki, Abbasın xatirəsinə ehtiram əlaməti kimi açılan bu sərgi onun yaradıcılığının daha bir davamı olsun”.
Abşeron rəssamlıq məktəbinin parlaq nümayəndəsi Abbas Kazımov Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq Muzey Rəssamları Assosiasiyasının, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının, SSRİ Rəssamlar İttifaqının, Rusiya Rəssamları Yaradıcılıq İttifaqının üzvü olub. 2011-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib, 2016-cı ildə bu akademiyanın qızıl medalı ilə təltif edilib.
Ustad rəssamın əsərləri Azərbaycan, Rusiya, İtaliya, Gürcüstan, Qazaxıstan və Özbəkistanda muzey kolleksiyalarında saxlanılır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva