Xurşidbanu Natəvan adına kitabxanada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub
Bakı, 28 dekabr, AZƏRTAC
Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin Xurşidbanu Natəvan adına 4 nömrəli kitabxana filialında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə filial müdiri Turanə Əmirova çıxış edərək bu il kitabxanada bir çox əlamətdar hadisələrin - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, unudulmaz şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi, görkəmli bəstəkar Qara Qarayevin 100 illiyi, Xalq yazıçısı İsa Muğannanın 90 illiyi, dekabrın 12-də isə ulu öndər Heydər Əliyevin anma mərasiminin qeyd olunduğunu diqqətə çatdırıb.
Şair-publisist Zərəngiz Dəmirçi Qayalı bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən Naxçıvanda əsası qoyulan dünya azərbaycanlılarının həmrəyliyi ideyası bu gün milyonlarla soydaşımızı birləşdirən dövlətçilik, vətənçilik amalına çevrilib. Azərbaycanın davamlı inkişafını təmin edən əsas amillərdən biri də milli birlik və həmrəyliyimizdir. Ölkəmizdəki sabitlik, davamlı inkişaf və yüksək rifah isə xalqımızın birlik və həmrəyliyini daha da möhkəmləndirir. Azərbaycanda əldə olunan nailiyyətlər 2019-cu ildə də inkişafın davamlı olacağına, quruculuq işlərinin geniş vüsət alacağına əminlik yaradır.
Tədbirdə Təbrizdən gəlmiş həkim-şair, “Mişov dağı” toplusunun baş redaktoru Aqşin Ağkəmərli əsası min illərə dayanan, ötən əsrin sonlarında ümummilli lider Heydər Əliyev tərəfindən möhkəmləndirilən və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən azərbaycançılıq siyasətinin həyata keçirilməsində mühüm uğurların qazanıldığını bildirib.
Dünya azərbaycanlılarının təşkilatlanması və həmrəyliyi istiqamətində yeni mərhələnin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən “Ədəbiyyat” qəzetinin şöbə müdiri Atababa İsmayılov bildirib ki, 2001-ci il mayın 23-də ulu öndər Heydər Əliyev tarixi Sərəncam imzalayaraq həmin il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayını keçirib: “Bu möhtəşəm tədbir dünya azərbaycanlılarını bir araya gətirmək yolunda ilk və ciddi addım olub. Bu mühüm hadisə dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biri idi. Bu gün müasir müstəqil Azərbaycan dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımızın Vətəni, Ulu Öndərimizin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev isə dünya azərbaycanlılarının lideridir”.
Tədbirdə çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunmasının əhəmiyyətindən danışıb, müxtəlif ölkələrdə 60 milyonadək azərbaycanlının yaşadığını diqqətə çatdırıblar. Qeyd olunub ki, azərbaycanlılar müxtəlif ölkələrdə yaşasalar da, milli birlik və həmrəylik ideyaları onları birləşdirir.
Tədbir çərçivəsində 65 illik yubileyini qeyd edən Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri Barat Vüsalın “Mişov dağı” dərgisinin xüsusi buraxılışı olan “Söz yaşıllığı” kitabının təqdimatı keçirilib, şairə "Mişov dağı" heyətinin fəxri diplomu təqdim olunub.
Mərasimdə "AYTAM" uşaqların mədəni maariflənməsi İctimai Birliyinin üzvləri və Laçın rayonunun Çıraqlı kənd orta məktəbinin şagirdlərinin ifasında Ulu Öndərə, Azərbaycana, həmrəylik və birliyimizə həsr edilmiş şeirlər səsləndirilib.
Sonda fərqlənən şagirdlərə hədiyyələr təqdim edilib.