CƏMİYYƏT
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri taktiki-xüsusi təlim keçirmişlər
Bakı, 1 fevral (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri taktiki-xüsusi təlim keçirmişlər.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, taktiki-xüsusi təlimin məqsədi xilasedicilərin bilik və vərdişlərinin, xilasetmə əməliyyatları zamanı komandir heyətinin idarəetmə bacarıqlarının artırılması olmuşdur.
Təlimlərə rəhbərliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Cahangir Qulamov etmişdir.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin izlədiyi taktiki-xüsusi təlimlər zamanı xilasedicilər ilk növbədə texnika-təhlükəsizlik qaydaları üzrə təlimatlandırılmışlar. Alpinist alət və avadanlıq vasitəsilə hündür binalardan xilasedicilərin enməsi və yuxarı mərtəbəyə qalxması elementləri, dağlıq ərazidə sərt qayalara xüsusi alətlər olmadan dırmanma, xilasedicilərin müxtəlif üsullarla havada olan helikopterdən enməsi üsulları təlimin əsas mövzularından olmuşdur. Bundan əlavə, dağlıq və qayalıq ərazilərdə, dağ çayları zonasında zərərçəkmişlərin bir yerdən digər bir yerə təxliyə edilməsi və dərinlikdə qalmış zərərçəkmişlərin xüsusi qurğu vasitəsilə xilas edilməsi vərdişləri praktik olaraq nümayiş etdirilmişdir.
Bütün bunlarla yanaşı, xilasedicilərə xilasetmə işlərinin aparılması zamanı şəraitin psixoloji təsir xüsusiyyətləri, öz vəziyyətini idarəetmə üsulları mövzusunda müvafiq tövsiyələr verilmişdir.