SİYASƏT
Yan Vanmin: Azərbaycan Çinin önəmli tərəfdaşıdır VİDEO
![Yan Vanmin: Azərbaycan Çinin önəmli tərəfdaşıdır VİDEO](/files/2024/2/1200x630/1719571963372917830_1200x630.jpg)
Pekin, 28 iyun, AZƏRTAC
Azərbaycan Çinin önəmli tərəfdaşıdır. Son illər Çin lideri Si Cinpinin və Azərbaycan Prezidenti İlham Əliyevin strateji rəhbərliyi ilə Çin–Azərbaycan dostluq və əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə zənginləşərək strateji səviyyəyə yüksəlib, müxtəlif istiqamətlərdə əməkdaşlığın məzmunu davamlı olaraq zənginləşib.
Bu fikirləri Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Xalq Assosiasiyasının sədri Yan Vanmin bu yaxınlarda Azərbaycana səfərinə, iki ölkə arasında münasibətlərin inkişafına dair AZƏRTAC-a müsahibəsində deyib.
“Hazırda iki ölkə arasında əlaqələr yüksəliş mərhələsindədir. Bu kontekstdə beynəlxalq birliyin üzvləri olaraq, Çin və Azərbaycan bir çox digər ölkələr kimi həm imkanlarla, həm də çağırışlarla üzləşirlər. İki ölkə arasında mövcud olan yaxşı siyasi əlaqələr müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm zəmin yaradır”, - deyən Yan Vanmin Azərbaycana səfərinin əsas məqsədinin müxtəlif dairələrdən olan dostlarla geniş və səmimi ünsiyyət qurmaq, konsensus yaratmaq və əməkdaşlığı dərinləşdirmək olduğunu deyib.
“Səfər çərçivəsində mən Prezident İlham Əliyev və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşmək şərəfinə nail oldum, həmçinin mədəniyyət naziri, Bakı şəhər meri, Heydər Əliyev Fondunun icraçı direktoru və digər müvafiq qurumların rəhbərləri ilə görüşdüm. Görüşlər zamanı mən Çin lideri Si Cinpin ilə Prezident İlham Əliyevin sıx və dərin şəxsi dostluğunun mövcud olduğunu, onların siyasi liderliyi sayəsində Çin-Azərbaycan münasibətlərinin yüksək səviyyəyə çatmasını hiss etdim”, - deyə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri bildirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin