YAP Mərkəzi Aparatında qan vermə aksiyası keçirilib
Bakı,31 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında qanvermə aksiyası keçirilib. Aksiya talassemiya, irsi qan və digər profilli xəstəliklərdən əziyyət çəkən insanlara dəstək məqsədi daşıyıb.
AZƏRTAC xəbər verir ki, Respublika Qan Bankının Mobil şəraitdə qan tədarükü şöbəsinin müdiri Günel Mehdiyeva bildirib ki, tədbir çərçivəsində Respublika Qan Bankının əməkdaşları tərəfindən donorların lazımi tibbi müayinələri aparılıb, yararlı şəxslərdən qan götürülüb. “Toplanan qan nümunələri Respublika Qan Bankının laboratoriya şöbəsində müayinədən keçirildikdən sonra xəstələr üçün istifadə olunacaq”, – deyə şöbə müdiri qeyd edib.
Günel Mehdiyeva qanvermənin həm məsuliyyətli, həm də xeyirxah bir missiya olduğunu vurğulayıb: “Qana həmişə ehtiyac var, çünki onu heç bir dərman vasitəsi əvəz edə bilməz. İnsanlar ildə bir neçə dəfə qan verə bilərlər. Ümid edirik ki, bu kimi aksiyalar gələcəkdə də davam edəcək”.
O əlavə edib ki, Yeni Azərbaycan Partiyası bu cür sosial aksiyalara hər zaman dəstək göstərir: “Budəfəki təşəbbüsünə görə YAP Mərkəzi Aparatına və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, aksiya zamanı partiyanın Mərkəzi Aparatının əməkdaşları da daxil olmaqla 400-ə yaxın YAP üzvü qanvermədə iştirak edib.