SİYASƏT
YAP QAX RAYON TƏŞKİLATININ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Qaxda Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının növbədənkənar konfransı keçirilmişdir. Partiyanın IV qurultayına hazırlıq məqsədi ilə keçirilən konfransın gündəliyinə hesabatla yanaşı, qurultaya nümayəndələrin seçilməsi ilə bağlı məsələ də daxil edilmişdi.
Konfrans iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək düzmüşlər.
YAP rayon təşkilatının sədri Nizami Əhmədovun partiyanın III qurultayından keçən dövr ərzindəki fəaliyyəti ilə bağlı məruzəsi dinlənilmişdir. Qurultaydan sonra partiyanın həyatında mühüm dəyişikliklərin baş verdiyini, təşkilati baxımdan daha da mütəşəkkilləşdiyini, üzvlərinin sayının artaraq 450 min nəfərə çatdığını bildirən natiq bu siyasi təşkilatın hazırda ölkəmizin ən güclü və nüfuzlu siyasi qüvvəsinə çevrilməsində partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamışdır.
Məruzədə bildirilmişdir ki, partiyanın III qurultayının, habelə rayon təşkilatının VI konfransının qarşıya qoyduğu vəzifələrin həllinə məsuliyyətlə yanaşan rayon təşkilatı ötən müddətdə partiyanın say artımına, xüsusilə partiya sıralarına gənclərin və qadınların qəbuluna xüsusi diqqət göstərmiş, ərazi ilk partiya təşkilatlarının işinin yaxşılaşdırılmasına ciddi fikir vermişdir. Hazırda üzvlərinin sayının 3 min nəfəri ötdüyünü bildirən təşkilat sədri 2007-ci ildə partiya sıralarına 179 nəfərin qəbul edildiyini nəzərə çatdırmışdır.
Konfransda YAP Siyasi Şurasının üzvü Rizvan Vahabov, YAP Mərkəzi Aparatının təlimatçısı Qalib Əsgərov, rayon təşkilatı sədrinin müavini Məmməd Xasıyev, şura üzvü Mədinə Heydərova və digər natiqlər partiyanın Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan danışmış, qazanılan uğurlarda ümummilli liderimiz Heydər Əliyevin, habelə partiyanın sədri, Prezident İlham Əliyevin xidmətlərindən söz açmışlar.
Rayon təşkilatının ölkədə gedən ictimai-siyasi proseslərdə, o cümlədən seçki kampaniyalarına fəal qoşulduğunu bildirən natiqlər indi bütün səylərin cari ilin payızında keçiriləcək növbəti prezident seçkilərində Yeni Azərbaycan Partiyasının vahid namizədinin - Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsinin təmin edilməsinə yönəldildiyini xüsusi vurğulamışlar.
Yeni Azərbaycan Partiyasının IV qurultayına rayon təşkilatından 5 nümayəndə seçilmişdir.