SİYASƏT
YAP Şuşa rayon təşkilatı idarə heyətinin iclası keçirilmişdir
Bakı, 11 aprel (AZƏRTAC). Aprelin 11-də Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı idarə heyətinin iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar Şuşa Rayon İcra Hakimiyyətinin binasının foyesində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzmüşlər.
Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Samir Rəhimov Avronest Parlament Assambleyasının (PA) Bakıda keçirilmiş ikinci sessiyasından danışaraq ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılması və tanıdılması baxımından geniş imkanlar yaradan bu tədbirdə bir çox mühüm məsələlərin müzakirə olunduğunu demişdir. Bildirilmişdir ki, Avronest PA-nın sessiyasına Bakının ev sahibliyi etməsi Azərbaycanın artan nüfuzunun, xalqımızın yüksək qonaqpərvərliyinin və ölkənin sosial-iqtisadi inkişafının bariz nümunəsidir.
Rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edən YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev görülən işlər barədə iştirakçılara ətraflı məlumat vermişdir. T.Əliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş YAP-ın sıralarının gündən-günə genişləndiyini bildirmişdir.
YAP Şuşa rayon təşkilatı idarə heyətinin üzvləri Ramiq Məhərrəmov, Zahid Abbasov və başqaları təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov ulu öndər Heydər Əliyevin yaratdığı partiyanın keçdiyi inkişaf yolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlardan, YAP-ın respublikanın həyatındakı rolundan danışmışdır. B.Səfərov Avronest PA-nın Bakıda keçirilmiş ikinci sessiyasını, eləcə də mayda paytaxtımızda keçiriləcək “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini, ölkənin beynəlxalq aləmdə artan nüfuzunun bariz nümunəsi olduğunu vurğulamışdır.