YAP Veteranlar Şurasının üzvləri növbəti dəfə gənclərlə görüşüblər
Bakı, 12 aprel, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində aprelin 12-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar YAP-ın silsilə tədbirlər keçirdiyini bildirib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini deyən A.Süleymanov dahi şəxsiyyətin ideyalarının gənc nəslə aşılanmasının vacib olduğunu söyləyib. O deyib ki, Heydər Əliyev fenomeninin dövlətçilik tariximizdə müstəsna rolunun gənclər tərəfindən hərtərəfli öyrənilməsi çox önəmlidir.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri Zərifə Quliyeva isə vurğulayıb ki, gənclərlə görüşün keçirilməsində məqsəd dahi şəxsiyyət Heydər Əliyevin əbədiyaşar ideyalarının yeni nəslə təşviq edilməsidir. Çünki Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır
YAP Veteranlar Şurasının üzvü, fizika elmləri doktoru, professor Adilə Abasova çıxışında Ümummilli Liderin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb. Ulu Öndərlə bağlı xatirələrini bölüşən YAP Veteranlar Şurasının üzvü bildirib ki, Heydər Əliyev tarix yazan və yaradan bir şəxsiyyətdir. A.Abasova deyib ki, müstəqil dövlətimiz özünün yeni inkişaf dövrünü yaşayır. O, gəncləri Heydər Əliyevin zəngin irsini dərindən öyrənməyə çağırıb.
Daha sonra gənclərin sualları cavablandırılıb.