DÜNYA
Yaponiyada 2020-ci il Olimpiya Oyunları üçün obyektlərin inşasına xarici işçi qüvvəsi tələb olunur
Tokio, 26 yanvar (AZƏRTAC). Yaponiyanın hökumət strukturları bəyan etmişdir ki, 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları üçün obyektlərin inşasına xarici işçi qüvvəsi lazımdır.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Şuqa demişdir: “Ölkənin tikinti sənayesində iş yerləri ixtisar olunur. Bu boşluğu doldurmaq üçün təcili olaraq xarici işçi qüvvələrinin cəlb edilməsi məqsədilə tədbirlər görülməlidir. Düşünürəm ki, biz cari ilin sonunadək lazım olan qədər işçi qüvvəsi cəlb edə biləcəyik”.
Aparılmış hesablamalara görə, Yaponiyaya 2020-ci ilin Yay Olimpiya oyunları üçün stadionların və idman meydançalarının inşasına təqribən 25 min işçi lazımdır. Yaponiya Əmək Nazirliyindən bildirmişlər ki, ölkənin tikinti sektorunda işçi qüvvəsinin kəskin çatışmazlığı hiss olunur. 2013-cü ilin noyabrında aparılmış sorğunun nəticələrinə görə, tikinti şirkətlərinin yalnız 3 faizi kifayət qədər işçi qüvvəsinə malik olduğunu bildirmişdir. Şirkətlərin 48 faizi isə işçi qüvvəsinin çatışmadığını qeyd etmişdir.
2012-ci ildə Yaponiyanın tikinti sektorunda 5 milyon 30 min insan çalışmışdır. Yaponiyanın torpaq, infrastruktur və nəqliyyat naziri Akihiro Otanın bildirdiyinə görə, bu sahədə işçilərin sayının 1997-ci ildəki ən yüksək hədd ilə müqayisədə 1,2 milyon nəfər azalması, əhalinin qocalması və doğumun azalması kimi göstəricilərlə bağlıdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri,
Tokio