DÜNYA
Yaponiyada koronavirusa yoluxma sayı ilk dəfə 100 min həddini aşıb
Tokio, 4 fevral, AZƏRTAC
Yaponiyada koronavirusa yoluxma sayı pandemiya başlayandan bəri ilk dəfə 100 min həddini aşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi Səhiyyə Nazirliyinə və ölkə bələdiyyələrinə istinadla məlumat yayıb. Bildirilir ki, son sutkadan 90 nəfər virusa yoluxma səbəbindən həyatını itirib. Ağır vəziyyətdə olan xəstələrin sayı isə daha 25 nəfər artaraq 911 nəfərə çatıb. Ən çox yoluxma sayı paytaxt Tokioda (20,6 min nəfər) və Osakada (11,9 min nəfər) qeydə alınıb.
Beləliklə pandemiya başlayandan bəri Yaponiyada koronavirusa yoluxanların sayı ümumilikdə 3 milyon nəfəri ötüb.
Əlaqədar qurumların həyata keçirdiyi profilaktik tədbirlərə baxmayaraq, yoluxma sayı durmadan artır.
Hazırda böyük Tokio rayonu da daxil olmaqla ölkənin 35 prefekturasında gücləndirilmiş məhdudiyyətlər rejimi qüvvədədir. Həmin məhdudiyyətlər ilk növbədə ictimai iaşə müəssisələrinin vaxtından tez bağlanmasını və spirtli içkilər satmamasını nəzərdə tutur. Bu məhdudiyyətlərin fevralın 13-dək qüvvədə olacağı bildirilir.
Hökumət virusa qarşı peyvəndin “buster” dozasının qəbulunu sürətləndirmək məqsədilə Tokioda özünümüdafiə qüvvələrinin xüsusi mərkəzini açıb. Son məlumatlara görə, Yaponiyanın 99,8 milyon sakini (78,8 faiz) peyvəndin hər iki dozasını alıb. Ümumilikdə 5,5 milyon (4,5 faiz) nəfər isə “buster” dozanı qəbul edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio