DÜNYA
Yaponiyada səyahət gəmisi ilə bağlı insident nəticəsində 11 nəfərin öldüyü təsdiqlənib
![Yaponiyada səyahət gəmisi ilə bağlı insident nəticəsində 11 nəfərin öldüyü təsdiqlənib](/files/2022/1/1200x630/16508730773413110753_1200x630.jpg)
Bakı, 25 aprel, AZƏRTAC
Yaponiyanın şimalında yerləşən Hokkaydo adası sahillərində KAZU 1 səyahət gəmisinin qəzaya uğraması nəticəsində azı 11 nəfər həlak olub.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin Baş katibinin müavini Yosikiho İsodzaki Tokioda keçirilən mətbuat konfransında deyib.
“Bu günə olan məlumata əsasən, qəza nəticəsində həlak olan 11 nəfərin cəsədi tapılıb, iki ekipaj üzvü də daxil olmaqla 15 nəfər isə itkin düşmüş sayılır. Hələlik gəmini də tapmaq mümkün olmayıb”, - deyə İsodzaki bildirib. Onun sözlərinə görə, Yaponiyanın Baş naziri Fumio Kişidanın göstərişi ilə operativ axtarış-xilasetmə işlərinin aparılması üçün lazım olan hər şey edilir. Bundan başqa, insidentlə bağlı məlumatların toplanması və təhlili üçün hökumət başçısının aparatı yanında böhran qərargahı yaradılıb.
Qeyd edək ki, aprelin 23-də yerli vaxtla saat 13:15-də Yaponiyanın şimalında yerləşən Hokkaydo adası sahillərində KAZU 1 səyahət gəmisindən qəza siqnalı daxil olub və sonra gəmi ilə əlaqə kəsilib. İnsident zamanı gəminin göyərtəsində aralarında iki uşağın da olduğu 24 sərnişin, həmçinin kapitan və onun köməkçisi olub.
Hazırda Yaponiyanın Sahil Mühafizə Xidməti və Özünümüdafiə Qüvvələri insidentin baş verdiyi rayonda axtarış-xilasetmə əməliyyatını davam etdirirlər.