DÜNYA
Yaponiyanın müxalifətdə olan Hamının Partiyasının lideri maliyyə qalmaqalına görə istefa vermişdir
Tokio, 7 aprel (AZƏRTAC). Yaponiyanın müxalifətdə olan Hamının Partiyasının lideri Yoşimi Vatanabe siyasi ianə ilə əlaqədar yaranmış qalmaqala görə aprelin 7-də istefa vermişdir. Bu barədə o, Tokioda təşkil edilmiş mətbuat konfransında bildirmişdir.
Yaponiya kütləvi informasiya vasitələrinin yazdığına görə, Yoşimi Vatanabe 2010-cu ildə “DHC Corp.” kosmetika şirkətindən 800 milyon yen (təqribən 7,8 milyon dollar) borc almış, lakin həmin məbləği siyasi ianə kimi sənədləşdirməmişdir ki, bu da Yaponiya qanunvericiliyinə ziddir.
Yaponiya parlamentinin aşağı palatasında 18 yerə malik olan partiyanın sədri demişdir ki, o, həmin pullardan siyasi məqsədlər üçün istifadə etməmişdir. Lakin şirkətin təqdim etdiyi dəlillərə görə, bu pullar yalnız siyasi məqsədlər üçün istifadə olunmuşdur.
Nəticədə siyasətçi Hamının Partiyasının sədri vəzifəsindən istefa vermiş, lakin onun adına ünvanlanmış ittihamları rədd etmişdir. Y.Vatanabe demişdir: “Mən heç bir qeyri-qanuni hərəkətə yol verməmişəm, lakin cəmiyyəti narahat etdiyimə görə, istefa verirəm”.
Son vaxtlar yapon siyasətçiləri siyasi ianələri düzgün sənədləşdirmədiklərinə görə, müxtəlif qalmaqallara düşürlər. Ötən ilin sonlarında Tokionun qubernatoru Naoki İnose də oxşar hadisəyə görə tutduğu vəzifədən istefa vermişdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio