İQTİSADİYYAT
Yarım ildə “Azəri-Çıraq-Günəşli”də hasilat 98 milyon barreldən çox olub
![Yarım ildə “Azəri-Çıraq-Günəşli”də hasilat 98 milyon barreldən çox olub](/files/2019/2/1200x630/1564658642485832424_1200x630.jpg)
Bakı, 1 avqust, AZƏRTAC
Yanvar-iyun aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat 98 milyon barreldən çox, yəni 13 milyon ton təşkil edib.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, 6 ayda AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. AÇG-dən ümumi hasilat - “Çıraq” (42 min), “Mərkəzi Azəri” (131 min), “Qərbi Azəri” (120 min), “Şərqi Azəri” (94 min), “Dərinsulu Günəşli” (96 min) və “Qərbi Çıraq” (60 min) platformalarından birgə gündəlik orta hesabla 542 min barrel olub.
Yarım ilin sonuna AÇG-də ümumilikdə 124 neft hasilat quyusu, 44 su və 7 qaz injektor quyusu istismarda olub. Yanvar-iyun aylarında blokda 7 neft hasilat quyusu qazılıb.
Altı ayda AÇG layihəsinə təqribən 272 milyon dollardan artıq əməliyyat və 657 milyon dollardan çox əsaslı məsrəflər xərclənib.
Apreldə AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan Azəri Mərkəzi Şərqi (AMŞ) layihəsinə sanksiya verilib. Altı milyard dollar dəyərində olan bu işlənmə layihəsinə yeni dəniz platforması və qurğularının inşası daxildir. Platforma gündəlik 100 min barrelədək neft hasil etmək gücündə layihələndirilib və istismar müddəti ərzində onun 300 milyon barrelədək neft hasil edəcəyi gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə olunacağı planlaşdırılır.
Bu layihə üzrə tikinti işləri artıq başlanıb (iyul ayında) və ilin ikinci yarısı ərzində tikinti işləri genişlənməkdə davam edəcək.
AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.
Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin il oktyabrın 31-də ratifikasiya olunub.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.