İQTİSADİYYAT
“Yay təcrübəsi proqramı”nda iştirak edən tələbələrin rəyi öyrənilir
![“Yay təcrübəsi proqramı”nda iştirak edən tələbələrin rəyi öyrənilir](/files/2014/2/1200x630/14087134801481640665_1200x630.jpg)
Bakı, 22 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) insan resursları departamentinin təlim və inkişaf şöbəsinin əməkdaşları şirkətin informasiya texnologiyaları və rabitə idarəsində təcrübə keçən tələbələrlə görüşüblər.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, görüş ARDNŞ-in idarə və müəssisələrində ödənişli təcrübə keçən tələbələrin iş şəraiti ilə yaxından tanış olmaq və onların proqrama münasibətini öyrənmək məqsədi ilə təşkil edilib. Azərbaycanda və nüfuzlu xarici ali məktəblərdə təhsil alan 27 tələbənin hər biri ilə fərdi söhbət aparılıb, onların təklifləri dinlənilib.
Artıq dördüncü ildir ki, müxtəlif ali məktəblərin Azərbaycan vətəndaşı olan istedadlı tələbələri tətil müddətində ödənişli “Yay təcrübəsi proqramı”na cəlb olunur. Proqramda neft-qaz, qazma, geofizika, geologiya, proseslərin avtomatlaşdırılması, informasiya və kommunikasiya texnologiyaları, inşaat, boru kəmərləri, ekologiya, neft-kimya və digər ixtisaslar üzrə təhsil alan tələbələr iştirak edirlər.