SİYASƏT
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin dördüncü turu uğurla davam edir
Bakı, 30 iyul (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Lerik rayonunda təşkil etdiyi “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin dördüncü turu uğurla davam etməkdədir.
YAP Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində qrup rəhbərliyinin müəyyənləşdirdiyi plana uyğun olaraq növbəti tədbir keçirilib.
“Fundraising” (Layihələrin yazılması və idarə olunması) mövzusunda təşkil olunan təlimdə Lerik IV tur qrupunun rəhbəri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü və partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və YAP İcra Katibliyinin işlər idarəsinin müdiri Mahir Abbasəliyev də iştirak ediblər.
Lerik IV tur qrupunun məsul şəxsi Məmmədbağır Məmmədovun moderatorluğu ilə keçən təlimdə gənclərə layihələrin yazılması, həmçinin təqdimatı, maliyyə mənbələrinin axtarılması, layihələrin düzgün idarə olunmasına dair tövsiyələr verilib.
Diskussiya şəraitində keçən təlimdə gənclərə istədikləri mövzuda layihələrin seçilib hazırlanması təklif olunub.
Gənclərin əksəriyyəti günümüzün aktual problemlərindən olan ekoloji mövzuda layihələrin hazırlanmasına üstünlük veriblər.
Təlimdə, həmçinin gənclərə layihənin icra planı və büdcəsinin hazırlanmasına dair tövsiyələr verilib.
Təlim başa çatdıqdan sonra gənclərin ictimai fəallığının artırılması, eləcə də təşkilatlanması ilə bağlı müzakirələr aparılıb.
Bölgə gənclərinin ictimai işlərdə daha fəal iştirakı tövsiyə olunub.
Gənclər təlimdə fəallıq nümayiş etdiriblər.