YENİ AZƏRBAYCAN PARTİYASINI TƏMSİLEDƏN DEPUTATLAR DAĞIDICI MÜXALİFƏTİN İFTİRALARINI QƏZƏBLƏ PİSLƏYİRLƏR
Partiyanın icraçı katibi Əli Əhmədov yığıncağı açaraq, prezident seçkilərinə hazırlıq mərhələsində rayon və şəhər təşkilatlarında görülən işlərdən danışmış, habelə son vaxtlar “Yeni Müsavat”, “Hürriyyət”, “Azadlıq” və digər müxalifət qəzetlərində Yeni Azərbaycan Partiyasının sədri, Respublikamızın Prezidenti Heydər Əliyevə qarşı başlanmış böhtan, şər və təhqir kampanıyasının Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə qəzəb və nifrətlə pisləndiyini bildirmişdir. O əminliklə vurğulamışdır ki, seçicilər fəal şəkildə seçki məntəqələrinə gələrək, xalqımızın ümümmilli liderini dəstəkləyəcəklər. Sadəcə olaraq, yarım əsrə yaxın bir dövrdə Heydər Əliyevin Azərbaycan cəmiyyətinin firavanlığı naminə gördüyü işləri daha yaxşı anlayıb dərk edənlər fəallıq göstərərək, seçki kampaniyasına mütəşəkkil qoşulmalıdırlar.
Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, deputatlardan YAP sədrinin müavini Sirus Təbrizli, Səyavuş Novruzov, Kərəm Əliyev, Musa Musayev və başqaları çıxış edərək demişlər ki, seçki kampaniyasında təbliğat işlərini səmərəli şəkildə qurmaq üçün əhali ilə keçirilən görüşləri intensivləşdirmək, həmçinin səlahiyyətli dövlət və hökumət nümayəndələri ilə birgə işləmək lazımdır.
YAP-çı deputatlar müxalifət qəzetlərində ölkəmizin başçısına qarşı böhtan xarakterli, insanlığa yaraşmayan materialların dərc olunmasına kəskin etirazlarını bildirmişlər. Onlar birmənalı şəkildə vurğulamışlar ki, söz və mətbuat azadlığından sui-istifadə edib mənəvi terror kampaniyası aparmaq yolverilməzdir. Seçicilərlə keçirilən bütün görüşlərdə vətəndaşlar YAP-çı deputatlardan tələb edirlər ki, Azərbaycanın milli və dövlətçilik maraqlarına münasibətdə düşmənçilik mövqeyi tutanların əlində alətə çevrilmiş qəzet yazarlarının bəd əməllərinə son qoyulması üçün ciddi tədbirlər görülsün.
Natiqlər son vaxtlar müxalifət qəzetlərindəki nalayiq yazıları seçki prosesini pozmaq cəhdi kimi qiymətləndirərək bildirmişlər ki, onsuz da sosial dayağı olmayan dağıdıcı müxalifət ara qarışdırmaqla öz siyasi iflasını gizlətməyə çalışır. Ona görə də, müxalifətin təxribatlarına uymamaq və yalnız Heydər Əliyev dühasından güc alan humanizm prinsiplərini rəhbər tutaraq, seçki prosesinə hazırlaşmaq və bununla da, Azərbaycan xalqının yüksək seçib-seçilmək mədəniyyətini beynəlxalq aləmə nümayiş etdirmək lazımdır.