İQTİSADİYYAT
Yeni “Genesis Coupe” Azərbaycana 2012-ci ilin martında gətiriləcəkdir
Bakı, 15 noyabr (AZƏRTAC). Yeni “Genesis Coupe”nin Azərbaycan avtomobil bazarına 2012-ci ilin martında çıxarılması nəzərdə tutulur.
“Hyundai Auto Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, “Hyundai Motor Company” Koreya Respublikasında keçirilən avtomobil müsabiqələrinin birində özünün yenilənmiş “Genesis Coupe” modelini təqdim etmişdir. İlk dəfə 2008-ci ilin oktyabrında təqdim olunan “Genesis Coupe” yenilənmiş dizaynı ilə avtomobil həvəskarlarını sevindirəcəkdir. Yeni “Genesis Coupe” əvvəlki modeli ilə müqayisədə daha dinamik idarəetməyə və güclü mühərrikə malikdir. İdman görünüşlü yeni “Genesis Coupe” əvvəlki modeldə olduğu kimi 3,8 və 2 litrlik mühərriklərlə təqdim olunur. Lakin hər iki mühərrik kifayət qədər gücləndirilmişdir. 3,8 litrlik mühərrik 47 vahid artırılaraq 350 at gücünə, 2 litrlik turbo mühərrik isə 65 vahid artırılaraq 275 at gücünə çatdırılmışdır. Altı pilləli avtomat sürət qutusu səkkiz pilləli avtomat sürət qutusu ilə əvəzlənmişdir.
Avtomobilin gələn ilin martında ölkəmizdə satışa çıxarılması nəzərdə tutulur.