MƏDƏNİYYƏT
Yeni kitabın “İmza günü” keçirilmişdir
Bakı, 22 may (AZƏRTAC). Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Aleksandr Hakimovun “Mütərcim” nəşriyyatında rus dilində işıq üzü görmüş “Vinnetu Pervoy Naqornoy” (”Birinci Dağlı məhəlləsinin Vinnetusu”) kitabının “İmza günü” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, kitab fantastik əsərlər müəllifi olan yazıçı-jurnalist Aleksandr Hakimovun ədəbi fəaliyyətinin 25 illiyinə həsr olunmuşdur. Yeni kitab demək olar ki, müəllifin yaradıcılıq hesabatıdır.
Kitabda bütün hekayələr Bakı haqqındadır. Nəşr iki hissədən ibarətdir. Birinci hissəyə hekayələr, ikinci hissəyə məqalə və esselər daxil edilmişdir. Müəllif əsərdə müxtəlif illərin Bakısını nostalji hisslərlə tərənnüm etmişdir.
Kitabda müəllifin yaşadığı yerlərə, onu əhatə edən adamlara sevgisi əks olunmuşdur. Yazıçı-publisistin istər qəmli, istərsə də şən ovqatda yazılmış zəngin avtobioqrafik hekayələri, yaşantıları xüsusilə maraq doğurur.
Təqdimat mərasimində Aleksandr Hakimov iştirakçıların çoxsaylı suallarını cavablandırmış, kitablarını imzalayaraq oxucularına təqdim etmişdir.
Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.