Yevlax rayonunun məktəbliləri şimal bölgəsinin görməli yerləri ilə yaxından tanış olacaqlar
Yevlax, 15 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Yevlax rayonunun məktəblilərinin Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyası başlayıb. Tur-aksiya zamanı yevlaxlı məktəblilər ölkəmizin şimal bölgəsinin görməli yerləri, təbiəti, tarixi abidələri, müasir inkişafı ilə tanış olacaqlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiyada iştirak edən məktəblilərlə görüş zamanı Yevlax Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Məmmədova və təhsil şöbəsinin müdiri Zərifə Məmmədova çıxış edərək, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən təşkil olunan aksiyanın əhəmiyyətindən danışıb, şagirdlərin tur-aksiyadan çox şey öyrənəcəklərini bildiriblər. Qeyd olunub ki, Quba-Qusar-Xaçmaz bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbedici məkandır. Son illərdə bu bölgədə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Odur ki, hər bir şagird onlar üçün yaradılan bu şəraitdən istifadə etməli, getdikləri bölgənin özünəməxsus xüsusiyyətləri, tarixi abidələri, adət-ənənələri, təbiəti, coğrafiyası, kulinariyası, müasir inkişafı barədə geniş bilgilər almalıdır.
Diqqətə çatdırılıb ki, məktəblilər 4 gün ərzində Quba rayonunda Cümə məscidi, Soyqırımı Memorial kompleksi, xalçaçılıq emalatxanası, Tağlı körpü, qolf meydançası ilə tanış olacaq, Qırmızı qəsəbəyə, Xınalıq yolundakı şəlaləyə, Qusar şəhərinə, rayonun Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsinə və “Şahdağ” Turizm Mərkəzinə, Xaçmaz rayonunda isə Xalça və “Şəxsiyyətlər muzeyinə", Çənlibel parkına, həmçinin “Şabran Şəhəri” Tarix Qoruğuna ekskursiya edəcəklər.
Yolasalma mərasimində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin işçiləri və valideynlər məktəblilərə səfərlərlə bağlı tövsiyələrini veriblər.
Tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçəklər qoyub, sonra onlar üçün ayrılmış avtobusla Quba-Qusar-Xaçmaz istiqaməti üzrə yola düşüblər.