YÜKSƏKGƏRGİNLİKLİ XƏTLƏRİN ALTINDA DAYANMAYIN, BU SİZİN HƏYATINIZ ÜÇÜN TƏHLÜKƏLİDİR!
Sabunçu rayonunun Zabrat qəsəbəsində bədbəxt hadisə baş vermişdir. Taxtapuş ustası Etibar Abbasov evin damını şiferlə örtərkən 2 metr hündürlükdən keçən 110 kilovotluq 3-cü Suraxanı yüksəkgərginlikli elektrik xəttinə (YEX) toxunmuşdur. Nəticədə E.Abbasov ağır dərəcəli yanıqla vəfat etmişdir. “Azərenerji” SC-nın mətbuat xidmətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakı yüksəkgərginlikli elektrik şəbəkəsinin təmir briqadası dərhal hadisə yerinə gəlmiş, lazımi bərpa işləri görülmüşdür. YEX-in təhlükəsizlik zonasında - eni 30 metrdən artıq olan dəhlizdə hər hansı tikinti işləri görülməsi qadağan edildiyi halda, burada qanunsuz olaraq 9 yeni ev tikilmişdir. “Azərenerji”nin mütəxəssisləri bildirirlər ki, mümkün bədbəxt hadisələrə görə məsuliyyət tamamilə yeni tikililərin sahiblərinin, habelə yerli hakimiyyət orqanlarının üzərinə düşür. Ötən il bir neçə bədbəxt hadisə qeydə alınmış, vətəndaşlar öz ehtiyatsızlığının qurbanı olmuşlar. Yerli icra hakimiyyəti orqanları isə bütün bunlara göz yumurlar. Azərbaycan Prezidenti Heydər Əliyev ötən ilin yayında respublikanın energetika sistemində baş vermiş qəza ilə əlaqədar keçirilmiş müşavirədə tamamilə haqlı olaraq bütün nazirliklərə və idarələrə ciddi xəbərdarlıq etmiş, YEX zonasında bəzən genişmiqyaslı qəzalara gətirib çıxaran və energetika sisteminin normal fəaliyyətinə mane olan təhlükəsizlik qaydalarının görünməmiş dərəcədə pozulmasının araşdırılması haqqında konkret tapşırıqlar vermişdir. Yerli icra hakmiyyəti orqanlarına qəbul edilmiş qərarların icrasına nəzarət etmək tapşırılmışdır. “Azərenerji” SC-yə də müvafiq göstərişlər verilmiş və bundan sonra bütün yüksəkgərginlikli elektrik xətləri yoxlanılmışdır. Hüquq mühafizə orqanları Sabunçu rayonunda baş vermiş faciənin səbəblərini araşdırır və təqsirkarları müəyyənləşdirirlər. Mütəxəssis elektriklər isə yüksəkgərginlikli xətlərdə profilaktika işlərini davam etdirir, həm öz həyatlarına biganə olan, həm də ölkənin energetika sisteminin işini ciddi surətdə pozan vətəndaşlara xəbərdarlıq edirlər.