İDMAN
Yunan-Roma güləşçilərimiz Xaçmazda təlim-məşq toplanışını davam etdirir
Bakı, 31 iyul (AZƏRTAC). Yunan-Roma güləşi üzrə yeniyetmələrdən və böyüklərdən ibarət Azərbaycan yığması qarşıdan gələn mühüm beynəlxalq yarışlara hazırlıqlarını davam etdirir.
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq “Qızıl Qran-pri” turnirinin final mərhələsini 4 qızıl, 3 gümüş və 3 bürünc medalla tamamlayan yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandamızın üzvləri sentyabrda Daşkənddə keçiriləcək dünya çempionatına hazırlıqlara start verib. Baş məşqçi Cəmşid Xeyrabadinin rəhbərlik etdiyi məşqçilər korpusu heyətə 22 güləşçi daxil edib.
Avqustun 6-dək Xaçmaz Olimpiya İdman Kompleksində davam edəcək təlim-məşq toplanışında yığmamızın üzvləri ilə yanaşı, Macarıstan güləşçiləri də iştirak edirlər.
Avqustun 16-dan 28-dək Çinin Nancinq şəhərində keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına hazırlaşan yunan-Roma güləşçilərimiz növbəti təlim-məşq toplanışına başlayıb. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında keçirilən hazırlıqda 2 çəki dərəcəsində 6 güləşçi iştirak edir.
Yeniyetmələrin Olimpiya Oyunlarında yunan-Roma güləşi yarışlarında ölkəmizi Cabbar Nəcəfov (50 kq) və İslambek Dadov (69 kq) təmsil edəcəklər.