CƏMİYYƏT
Yunanıstandakı soydaşlarımız Ermənistanın hərbi cinayətlərinə birdəfəlik son qoyulmasını tələb edib
Bakı, 10 oktyabr, AZƏRTAC
Yunanıstanda yaşayan Azərbaycan icması Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin və Saloniki Azərbaycan Evinin rəhbəri Rəşid Məmmədovun adından Yunanıstan Prezidentinə, Baş nazirinə, xarici işlər nazirinə, digər ölkələrin dövlət başçılarına, Avropa Parlamentinin deputatlarına ünvanlanan müraciətdə Edilli faciəsi Ermənistanın növbəti hərbi cinayətinin sübutu adlandırılıb.
Edillidə aşkar edilmiş qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılara məxsus olduğuna diqqət cəlb edilib. Nəzərə çatdırılıb ki, Ermənistan tərəfi indiyədək 4000-dək azərbaycanlının taleyi və kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırır, xalqımıza qarşı törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətmək məqsədi güdür. Faciənin Yunanıstanda yaşayan soydaşlarımızda dərin hiddət doğurduğunu vurğulayan “QALA” cəmiyyəti Ermənistan silahlı qüvvələrinin 30 illik işğal dönəmində ölkəmizə və xalqımıza qarşı törətdiyi müharibə cinayətlərini bir daha yada salıb.
Soydaşlarımız Yunanıstan rəsmilərindən və beynəlxalq birlikdən Ermənistanın hərbi cinayətlərinə birdəfəlik son qoyulmasını tələb edib, müxtəlif vaxtlarda etnik zəmində törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə görə cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı hüquq müstəvisində təcili tədbirlər görməyə çağırıb.