DÜNYA
Yunanıstanın qədim Akrotiri şəhərinin qalıqları turistlər üçün açılmışdır
Bakı, 12 aprel (AZƏRTAC). Yunanıstanın qədim Santorini adasındakı Akrotiri şəhərinin qalıqları uzun sürən bərpa işlərindən sonra turistlər üçün açılmışdır.
Dağıntılar 2005-ci ildə bədbəxt hadisədən sonra turistlər üçün bağlanmışdı. O zaman güclü külək qazıntıların üstündəki damı uçurmuş, bir turist ölmüş, altı nəfər yaralanmışdı.
Yunanıstanın mədəniyyət və turizm naziri Pavlos Gerulanos demişdir: “Biz turistlərin tam təhlükəsizliyinə əminik”.
Akrotiri qazıntıları Yunanıstanın çox əhəmiyyətli qədim abidələrindən biri sayılır. Vulkan külünün altında qalmış qədim şəhərdə bir neçə mərtəbəli evlər, kanalizasiya sistemi olmuş, burada görkəmli sənət əsərləri, misilsiz üslubda freskalar aşkar edilmişdir.
Eramızdan əvvəl II minillikdə şəhər inkişaf etmiş, Ege dənizi adaları, habelə Aralıq dənizinin uzaq ölkələri, o cümlədən Misirlə ticarət əlaqələri yaratmışdır.
Şəhər neolit dövrünün sonlarında məskunlaşmağa başlamış və təxminən eramızdan əvvəl XVII əsrdə Santorini adasındakı vulkan püskürməsi nəticəsində tamamilə dağılmışdır.