ELM VƏ TƏHSİL
Yunanıstanın Təhsil Nazirliyinin nümayəndə heyəti Bakı Slavyan Universitetində olub
![](/files/galleryphoto/2019/3/1200x630/15722697195904951293_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/1572269719375583106_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15722697192953911324_1200x630.jpg)
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Yunanıstan Respublikasının Təhsil Nazirliyinin nümayəndə heyəti Bakı Slavyan Universitetinin (BSU) Müasir Yunan Dili Tədris-Mədəniyyət Mərkəzində olub. Bu barədə AZƏRTAC-a BSU-dan məlumat verilib.
“Arqo” Yunan Cəmiyyətinin sədri, BSU-nun yunan dili müəllimi Səidə Mehdiyeva və Müasir Yunan Dili Tədris-Mədəniyyət Mərkəzinin müdiri Sevda Əlizadə qonaqları mərkəzin fəaliyyəti barədə məlumatlandırıblar.
Yunanıstandan ezam olunmuş dilçi Maria Delaki isə Bakı və azərbaycanlılar haqqında təəssüratını Azərbaycan dilində bölüşüb, iki xalqın dilində olan ortaq sözlər barədə məlumat verib.
Tədbirdə tələbələr Azərbaycan dilindən yunan dilinə və yunan dilindən Azərbaycan dilinə keçən sözləri səsləndiriblər.
Yunanıstanın Təhsil Nazirliyinin məsləhətçisi Yuli Xronopulu ritorika elmi haqqında təqdimatla çıxış edib. O, ritorika elminin qədim Yunanıstanda yaranması və müasir dövrdə tədrisindən söz açıb.
Daha sonra elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov ritorika fənninin BSU-nun Magistratura şöbəsində tədrisindən, mövzu ilə bağlı dərsliklər və həmçinin magistrantların nəzəriyyəni əyani şəkildə tətbiqetmə üsullarından danışıb.
Təhsil məsləhətçisi Efi Xristopulu Yunanıstanın milli bayramı olan “OXI” günü barədə təqdimatla çıxış edib. O, həmin günün, ümumilikdə isə İkinci Dünya müharibəsi zamanı Yunanıstanda gedən döyüşlərin qələbə üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayıb.
Sonda qonaqlar Müasir Yunan Dili Tədris-Mədəniyyət Mərkəzinə hədiyyələr təqdim ediblər.