SİYASƏT
ZAQATALADA MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİR
Zaqatala, 13 iyun (AZƏRTAC). 15 iyun- Milli Qurtuluş Günü münasibətilə Zaqatala şəhərində keçirilən tədbirin iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gələrək, ulu öndərin abidə-kompleksi önünə tər çiçəklər düzmüş, əziz xatirəsini ehtiramla yad etmişlər.
Parkdakı Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin “Milli qurtuluş: Azərbaycanın təminatlı uğur faktoru” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikada hökm sürən hərc-mərcliyi, yaranmış ağır vəziyyəti bir daha xatırlatmış, yalnız ümummilli liderin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin dövrdə iqtidarda olanların səriştəsiz və xəyanətkar əməllərinin məntiqi nəticəsi olaraq hakimiyyət böhranı son həddə çatmış, ölkəni xaos və anarxiya bürümüş, vətəndaş müharibəsi təhlükəsi, müstəqilliyimizin itirilməsi qorxusu yaranmışdı.
Natiq bildirmişdir ki, məhz belə bir çətin zamanda xalqın xahişi və təkidli tələbi ilə Naxçıvandan Bakıya dönən ümummilli liderimiz çox çətin və məsuliyyətli bir vəzifəni öz üzərinə götürməklə, ölkəmizi xaosdan, sosial-iqtisadi böhrandan, siyasi çəkişmələrdən qurtarmış, Azərbaycanın gələcək inkişafının təməlini qoymuşdur. Bu səbəbdən də Milli Qurtuluş Günü, eyni zamanda Azərbaycan dövlətçiliyinin xilası günüdür.
Yığıncaqda digər məruzələr dinlənilmiş, ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər nümayiş etdirilmişdir.
Daha sonra rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri Dardoqqaz kəndində yeni tikiləcək klubun təməlqoyma mərasimində iştirak etmişlər.
Həmin gün Zaqatala şəhərində ümummilli liderin adını daşıyan parkda Milli Qurtuluş Günü münasibətilə geniş bayram konserti təşkil edilmiş, atəşfəşanlıq olmuşdur.
Bundan əlavə, əlamətdar bayram münasibətilə Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə iyunun 12-də rayonda futbol üzrə rayon birinciliyinin də startı verilmişdir.
Zaqatalada Milli Qurtuluş Gününə həsr olunmuş silsilə tədbirlər davam edir.
######