ELM VƏ TƏHSİL
ZAQATALADA TƏHSİL İŞÇİLƏRİNİN ƏNƏNƏVİ KONFRANSI KEÇİRİLMİŞDİR
Zaqatala, 10 sentyabr (AZƏRTAC). Zaqatala şəhərində keçirilmiş rayon təhsil işçilərinin konfransında 2008-2009-cu dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur.
Rayon rəhbərliyi və təhsil şöbəsinin nümayəndələri əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidə-kompleksi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə rayon təhsil şöbəsinin müdiri Tahir Məmmədovun “2008/2009-cu dərs ilinin yekunları və Azərbaycan müəllimlərinin XIII qurultayında irəli sürülmüş müddəaların yerinə yetirilməsi ilə əlaqədar yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda hesabat məruzəsi dinlənilmişdir.
Məruzədə rayonun təhsil işçilərinin ötən tədris ilində qazandıqları uğurlardan bəhs olunmuş, qarşıda duran vəzifələrə toxunulmuşdur. Natiq bildirmişdir ki, son illər rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülmüşdür. Heydər Əliyev Fondunun təşəbbüsü, Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Yaponiya səfirliyinin vəsaiti ilə rayonda 20 yeni məktəb binası, habelə yerli büdcə vəsaiti hesabına 5 məktəbdə əlavə sinif otaqları tikilmiş, 34 məktəb binası əsaslı təmir olunmuşdur. Məktəblərə 435 ədəd parta, 60 ədəd yazı lövhəsi, 150 stol, 260 stul, 52 kitab rəfi və digər inventarlar verilmiş, şagirdlərə paylanılmaq üçün 94 adda 72 min nüsxədən artıq dərslik gətirilmişdir.
Qeyd olunmuşdur ki, bu il orta məktəbi bitirmiş məzunlardan 670 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan 297 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında məzunlardan 21 nəfəri 500 baldan, 8 məzun isə 600 baldan yuxarı nəticə göstərmişdir. Şəhər 1 nömrəli orta məktəbi “Ən yaxşı ümumtəhsil məktəbi”, humanitar fənlər gimnaziyasının müəllimi Məhsəti Qaziyeva isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşlar.
Konfransda Zaqatala şəhər 1 nömrəli orta məktəbin direktoru Fatma İsrafilova, müsabiqə qalibi Məhsəti Qaziyeva, habelə respublika fənn olimpiadalarının, inşa yazı, “Gənc kompyuter istedadı” və digər respublika müsabiqələrinin qalibləri çıxış edərək qazandıqları uğurlar barədə danışmış, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi Arif Muradov çıxış edərək kadrların peşə hazırlığının artırılmasının, tədrisin keyfiyyətinin yüksəldilməsinin, dərs prosesində yeni texnologiyaların mənimsənilməsinin vacibliyini önə çəkmiş, tövsiyələrini vermişdir.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, gənc nəslin təlim-tərbiyəsi işində onlara daha böyük uğurlar arzulamışdır. İcra hakimiyyətinin başçısı çıxışında yol verilmiş nöqsanlara da toxunmuş, onların həlli ilə bağlı konkret tapşırıqlarını vermişdir.
Tədbirin sonunda M.Əhmədzadə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin qaliblərinə rayon icra hakimiyyətinin qiymətli hədiyyələrini təqdim etmişdir.
######