“Zəngilər” adlı qısametrajlı filmin və eyniadlı kitabın təqdimatı olub
Bakı, 27 iyul, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Mədəniyyət Nazirliyinin “MyQrant” layihəsinin dəstəyi ilə “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi tərəfindən hazırlanmış “Zəngilər” adlı qısametrajlı filmin və eyniadlı kitabın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə elm xadimləri, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak edirdilər.
“İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, jurnalist Aida Eyvazlı Göytürk “Azərbaycan mədəniyyətində Zəngi tayfalarından qalmış ənənələr və yurdlar” layihəsinin əsas məqsədindən danışaraq bildirib ki, Zəngi tayfalarının tarixi irsini öyrənmək, yeni elmi məlumatları ictimaiyyətə təqdim etmək və bu istiqamətdə araşdırmaları təşviq etmək hər bir elm xadiminin işidir. Bu təşviqat məktəblərdən başlanmalıdır.
Gənclər və tələbələr üçün nəzərdə tutulan “Zəngilər” kitabında və eyniadlı filmdə Zəngi tayfalarının tarixi ilə bağlı geniş məlumatlar yer alıb. Nəşrdə və filmdə türkoloq professor Firudin Cəlilov, AMEA-nın baş elmi işçisi Zaur Əliyev, Səmərqənd Dövlət Universitetinin dekanı Hazratkul Abroyev, araşdırmaçı jurnalist Hokim Sattori və misirli tədqiqatçı Əhməd Tarabikin araşdırmalarına istinad olunaraq Zəngi tayfalarının tarixi, mədəni irsi və Türk dünyasındakı rolu haqqında ətraflı məlumat verilib.
“Zəngilər” qısametrajlı filminin müsahibi olan AMEA-nın baş elmi işçisi Zaur Əliyev qeyd edib ki, təqdim olunan kitab və film Zəngəzur tarixinə və Azərbaycan tarixinin qaranlıq səhifələrinə işıq salır. Bu, bir başlanğıcdır. Belə araşdırmalar gənc alimlər tərəfindən də davam etdirilməlidir.
Kitabın redaktoru Vəli Əkbər, tərtibatçıları isə layihə rəhbəri Aida Eyvazlı Göytürk və Ülkər Eyvazovadır. Qısametrajlı filmin quruluşçu rejissoru Vüsal Orucovdur.
Tədbirin keçirilməsində məqsəd qədim köklərimiz və tariximizi, Zəngəzur bölgəsindən çıxan qəhrəmanların izlərini onlara xatırlatmaqdır.