İQTİSADİYYAT
2013-cü ildə Bakı Metropoliteninin daha iki stansiyası istifadəyə veriləcəkdir
Bakı, 8 noyabr (AZƏRTAC). Bakı Metropoliteninin inkişaf planına əsasən, 2030-cu ilədək metro stansiyalarının sayı 76-a, istismar xətlərinin sayı 5-ə, uzunluğu isə 119 kilometrə çatdırılacaqdır. Bu, Bakı şəhərini tam əhatə edəcəkdir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Bakı Metropoliteninin rəisi Tağı Əhmədov demişdir. Onun sözlərinə görə, hər bir stansiya arasındakı məsafə 900 metrdən çox olmayacaqdır. Hazırda Bakı Metropoliteninin ümumi uzunluğu 31,5 kilometrədək iki xətti və 23 stansiyası mövcuddur.
Yeni metro stansiyalarının tikintisindən danışan T.Əhmədov qeyd etmişdir ki, 2013-cü ildə “Avtovağzal” və “Memar Əcəmi-2”, 2015-ci ilin sonunadək isə “Həzi Aslanov-2”, “Köhnə Günəşli” və “Yeni Günəşli” stansiyaları istifadəyə veriləcəkdir. Hazırda stansiyaların platformalarının beş vaqonluq olduğunu vurğulayan metropoliten rəisi demişdir ki, “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları yeddi vaqonluq olacaqdır.
T.Əhmədov bildirmişdir ki, metropolitendə təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirilir. Belə ki, hazırda Bakı Metropolitenində videomüşahidə, sərnişinsayan və sifəttanıma sistemləri quraşdırılmışdır. Bakı metrosunda üç minədək müşahidə kamerası vardır.
Qeyd edək ki, sifəttanıma kamerası MDB məkanında yalnız Bakı Metropolitenində mövcuddur.