QAN YADDAŞI
20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Azərbaycanın Küveytdəki səfirliyi silsilə tədbirlər keçirmişdir
Bakı, 20 yanvar (AZƏRTAC). Xalqımızın yaddaşında silinməz iz buraxmış 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi silsilə tədbirlər keçirmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 20-də Küveytdə yaşayan və işləyən Azərbaycan vətəndaşlarını öz ətrafında birləşdirən “Vətənsevər” Dostluq Cəmiyyətinin və “Kuveyt-Azəri” müştərək şirkətinin təşkilatçılığı ilə anma mərasimi keçirilmişdir. Tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan, Türkiyə, İran və digər ölkələrin nümayəndələri, diaspora təşkilatlarının təmsilçiləri, eləcə də Küveytin ictimai-siyasi xadimləri, millət vəkilləri və KİV nümayəndələri iştirak etmişlər.
Səfir Tural Rzayev mərasimdə çıxış edərək keçmiş sovet ordusunun Bakıda və ölkəmizin digər şəhərlərində törətdiyi vəhşiliklərdən danışmış, Mixail Qorbaçov başda olmaqla bu qanlı faciədə əli olan digər cinayətkarların bütün beynəlxalq hüquq normalarına zidd hərəkətləri barədə ətraflı məlumat vermişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın öz müstəqilliyini bərpa etdiyini, həmçinin 20 Yanvar faciəsi barədə həqiqətlərin üzə çıxdığını, ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətin bütün dünyaya çatdırıldığını xüsusi qeyd etmişdir.
Səfir ölkəmizin taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayırmışdır. O, Azərbaycan ərazilərinin erməni vandalları tərəfindən işğal olunması, həmin ərazilərdə törədilmiş vəhşiliklər, insan tələfatı, xalqımıza dəyən maddi və mənəvi zərər barədə ətraflı məlumat vermişdir. İşğal olunmuş Azərbaycan torpaqlarının boşaldılmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, İqtisadi Əməkdaşlıq Təşkilatı və Avropa İttifaqının bəyanatlarına rəsmi Yerevanın etinasız yanaşdığını qeyd etmişdir.
Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanmış “20 Yanvar” foto-albomu və faciədən bəhs edən sənədli filmin ərəb dilində CD variantı, səfirliyin mətbuat məlumatı Küveytin dövlət, hökumət qurumlarına, Parlamentinə, ölkədə fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilmiş, 20 Yanvar faciə ilə bağlı fotosərgi təşkil olunmuş, faciə haqqında film və kitablar paylanmışdır.
Küveytin geniş oxucu kütləsinə malik “Əl-Vasat” qəzetində 20 Yanvar faciəsinə həsr olunmuş məqalə dərc olunmuşdur.