Qazaxıstan Prezidenti ŞƏT üzvü olan ölkələrin xarici işlər nazirlərini qəbul edib

Bakı, 21 may, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının mayın 21-də Astanada keçirilən toplantısının iştirakçılarını qəbul edib.
AZƏRTAC Qazaxıstan Prezidentinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatının hazırkı sədri Qazaxıstan adından, həmçinin şəxsən öz adından İran Prezidentin faciəvi ölümü ilə əlaqədar dərin hüznlə başsağlığı verib.
Qazaxıstan Prezidenti qeyd edib ki, çətin günlərinə baxmayaraq, İranın və yaxın vaxtlarda ŞƏT-ə üzv olacaq Belarusun nazirləri görüşdə ilk dəfədir iştirak edirlər. O, bu ölkələrin “Şanxay ruhunun” daha da möhkəmlənməsinə və bu təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Tokayev xatırladıb ki, təşkilat Avrasiya qitəsinin artıq planet əhalisinin təxminən yarısının yaşadığı, qlobal ÜDM-in dörddəbirini və qlobal ticarətin 15 faizini təşkil edən 10 ölkəni birləşdirir. O əlavə edib ki, ŞƏT çərçivəsində rəqəmsal, turizm və enerji forumları da daxil olmaqla 100-dən çox irimiqyaslı tədbir təşkil olunub.
Kasım-Jomart Tokayev vurğulayıb: “Buna görə də Qazaxıstan ŞƏT-in “Ədalətli sülh və harmoniya naminə dünya birliyi haqqında” təşəbbüsünü inkişaf etdirməyi təklif edib. Bu sənədin, eləcə də qarşıdan gələn Zirvə görüşü zamanı ŞƏT-in Astana Bəyannaməsinin qəbulu, fikrimizcə, dünyanın müxtəlif regionlarında münaqişələrin həlli üzrə beynəlxalq səylərin konsolidasiyasına töhfə verəcəkdir. Qazaxıstan ŞƏT-in səmərəli çoxtərəfli əməkdaşlıq mexanizminə çevrilməsi üçün balanslaşdırılmış təkliflər təqdim edib. Ümid edirik ki, bu təşəbbüslərə bundan sonra da dəstək veriləcək”.
Qazaxıstan Prezidenti təşkilat çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə tədbirlərindən də bəhs edib: “Biz iqlim dəyişikliyi məsələsinə xüsusi diqqət yetirməliyik. Təcili qabaqlayıcı tədbirlər görülməsə, bu problem planetimizi qlobal təbii fəlakətlərin dramatik dövrünə sürükləyə bilər. Ekstremal hava şəraiti dünyanın əsas problemlərindən birinə çevrilir. Bu baxımdan təbii fəlakətlərlə mübarizədə ŞƏT-in yanaşmalarını yeniləmək lazımdır. Bu ilin yazında Qazaxıstan iqlim dəyişikliyinin mənfi nəticələrini tam hiss etdi. Fürsətdən istifadə edərək, Qazaxıstanda misli görünməmiş irimiqyaslı daşqınlar zamanı göstərilən həmrəyliyə və köməyə görə dost ölkələrə səmimi-qəlbdən təşəkkürümü bildirmək istəyirəm”.
Qəbulda çıxış edən Rusiyanın və Çinin xarici işlər nazirləri Sergey Lavrov və Van Yi çıxış ediblər. Onlar yeni dünya nizamının qurulmasında ŞƏT ölkələrinin mühüm rolunu vurğulayıblar.