İQTİSADİYYAT
“28 May”, “Neft Daşları” və “Abşeronneft” NQÇİ-lərdə yeni vakuum kompressor stansiyaları tikiləcək
Bakı, 9 may, AZƏRTAC
“28 May”, “Neft Daşları” və “Abşeronneft” neft və qazçıxarma idarələrində (NQÇİ) yeni vakuum kompressor stansiyalarının tikintisi və kompressor qurğularının quraşdırılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc edilən məqaləsində deyilir.
“2017-2020-ci illərdə “28 May”, “Neft Daşları” və “Abşeronneft” neft və qazçıxarma idarələrində yeni vakuum kompressor stansiyalarının tikintisi və kompressor qurğularının quraşdırılması nəzərdə tutulur ki, bu da atmosferə qaz tullantılarının sıfıra endirilməsində əhəmiyyətli rol oynayacaq”, - deyə SOCAR-ın prezidenti əlavə edib.
O bildirib ki, SOCAR neft-qaz hasilatının sabit saxlanılması və yüksəldilməsi məqsədilə Xəzərdə qazma əməliyyatlarının intensivləşdirilməsi üçün tikinti-quraşdırma və təmir işlərini sürətləndirib. Dəniz yataqlarında müasir platformaların inşası bu baxımdan mühüm əhəmiyyət kəsb edir. “Bulla-Dəniz”, “Çilov”, “Qərbi Abşeron”, “Neft Daşları” yataqlarında istismar quyularının qazılması üçün yeni dəniz özülləri və meydançaları tikilib istifadəyə verilib və bu istiqamətdə işlər mütəmadi olaraq davam etdirilir.