ELM VƏ TƏHSİL
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə
Bakı, 27 dekabr (AZƏRTAC). Dekabrın 27-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən 1 nömrəli Şuşa şəhər Malıbəyli kənd orta məktəbinin şagirdləri ilə görüşmüşlər.
Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov və digər çıxış edənlər əlamətdar günlər münasibətilə məktəbliləri təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışlar.
Sonra şagirdlərə bayram hədiyyələri təqdim edilmişdir.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ölkəmizin ayrı-ayrı şəhər və rayonlarında yerləşən digər qaçqın və məcburi köçkün məktəblərinin şagirdlərinə də bayram hədiyyələri paylamışlar. Ümumilikdə 10 min şagirdə verilən hədiyyələrin ümumi dəyəri 50 min manatdır.