REGİONLAR
“Sənət sevgi ilə işlənən zaman daha gözəl olur” FOTO VİDEO
![](/files/galleryphoto/2024/2/1200x630/w_1617194886772656821191_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/w_1617194886774042024881_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/w_1617194886776362028588_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/w_161719488677643195491_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/w_1617194886771217651245_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/w_1617194886771214718533_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/w_1617194886772550554631_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/w_1617194886776481521850_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/w_1617194886773501535561_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/w_1617194886774445721072_1200x630.jpg)
Cəlilabad, 27 iyun, İlkin Adıyev, AZƏRTAC
Cəlilabad rayon sakini, ixtisasca ingilis dili müəllimi olan 75 yaşlı Yusif Əliyev maraqlı əl işləri ilə tanınır. O, uzun illərdir tərəvəz və meyvə toxumlarından müxtəlif əl işləri düzəldir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yusif müəllim əsasən tərəvəz və meyvə toxumlarından istifadə edərək, illüstrasiya, kompozisiya və portret janrlarında əsərlər yaradır. O, həmçinin istifadəyə yararsız məişət əşyalarından da müxtəlif əl işləri hazırlayır.
Yusif müəllim deyir ki, əl işləri onun üçün sadəcə hobbi deyil, həm də ruhunu və yaradıcılıq enerjisini ifadə etmək vasitəsidir. Bu iş onu rahatlaşdırır və gündəlik həyatın stresindən uzaqlaşdırır.
“Hər toxum mənim üçün bir rəng damlası kimi, hər detal isə böyük bir əsərin tərkib hissəsidir. İllüstrasiya, kompozisiya və portret janrlarında çalışarkən xırda toxumların və digər təbii materialların rəng və toxumasından istifadə edirəm. Otuz ildən çoxdur bu işlə məşğulam. Bu illər ərzində yaratdığım əsərləri satıb pul qazanmaq fikrim olmayıb. Şəhidlərmizin, tanınmış insanların portretlərini, eləcə də bir çox illüstrasiyaları almaq istəyənlər çox olub, amma satmamışam. İstəyirəm ki, gənc nəsil bu işi öyrənib, davam etdirsin. Amma təəssüflə deyə bilərəm ki, insanlar bu sənətə maraq göstərmirlər. Çalışıram ki, gənc nəsli bu yaradıcı sahəyə cəlb edərək, onlara öz təcrübəmi ötürüm. Çünki bu sənət artıq unudulmaq üzrədir”, - deyə o bildirir.
Həmsöhbətimiz yaradıcılığı ilə yerli və xarici qonaqların diqqətini cəlb edib. Onun əsərləri müxtəlif sərgilərdə və Cəlilabad Dövlət Rəsm Qalereyasında nümayiş etdirilərək, yüksək qiymətləndirilib.
Belə əl işləri ilə maraqlananlar və bu işlə məşğul olmaq istəyənlər üçün Yusif müəllimin yaradıcılığı böyük ilham mənbəyi ola bilər. Elə özünün dediyi kimi, “Sənət sevgi ilə işlənən zaman daha da gözəlləşir və mənalı olur...”.