QAN YADDAŞI
31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı Berlində Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirilmişdir
Berlin, 1 aprel (AZƏRTAC). 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı Ermənistanın Almaniyadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilmişdir.
Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin və türk diaspor təşkilatlarının nümayəndələrinin iştirak etdikləri aksiyada əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı və “Kaya” səyahət bürosunun dəstəyi ilə keçirilmiş aksiyada Ermənistanın şovinist və terrorçu siyasətini pisləyən şüarlar səslənmiş, 1918-ci il 31 mart hadisələrinə dair çıxışlar olmuşdur.
Aksiyada bəyanat da qəbul edilmişdir. İştirakçılar dünya birliyinin diqqətini 1918-ci ilin mart-aprel aylarında ermənilərin törətdikləri qanlı hadisələrə cəlb etmiş, beynəlxalq ictimaiyyəti Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılığa obyektiv hüquqi-siyasi qiymət verməyə çağırmışlar. Beynəlxalq təşkilatların ünvanına Azərbaycanın ədalətli mövqeyini dəstəkləmək, soyqırımı dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistana qarşı sanksiyalar tətbiq etmək, respublikamızın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpa edilməsi işinə biganə yanaşmamaq və s.çağırışlar səslənmişdir.
Almaniyanın bir sıra ictimai-siyasi qurumlarına, dövlət və qeyri-dövlət təşkilatlarına 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı məlumatlar göndərilmişdir.
Aksiyanın sonunda bəyanat imzalanmış və Ermənistan səfirliyinə təqdim edilmişdir.
X X X
Həmin gün AAKM-də Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı anma mərasimi də keçirilmişdir. AAKM-in icraçı direktoru, Samira Patzer-İsmailova mərasimdən əvvəl keçirilmiş etiraz aksiyasına dair məlumat vermiş, bu cür tədbirlərin vacibliyini vurğulamışdır.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov 1918-ci il mart-aprel hadisələri haqqında ətraflı məlumat vermişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
######