7 NÖMRƏLİ ORTA MƏKTƏB NAXÇIVAN ŞƏHƏRİNİN MÜASİR ÜMUMTƏHSİL MÜƏSSİSƏSİDİR
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 20-də Naxçıvan şəhər 7 nömrəli orta məktəbin yeni binasının açılış mərasimində iştirak etmişdir.
Prezident İlham Əliyevi məktəbin qarşısına toplaşan şagirdlər, müəllimlər böyük səmimiyyətlə, alqışlarla qarşıladılar.
Məktəbin müəllimi Xavər Əsədova ölkəmizdə təhsilə, elmə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirdi. Son illərdə Prezident İlham Əliyevin tapşırığı, habelə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə məktəb tikintisinin geniş vüsət aldığını vurğuladı. O, “Tərəqqi” medalı ilə təltif edildiyinə görə dövlətimizin başçısına dərin təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev məktəbin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi, təhsil ocağı ilə tanış oldu.
Məlumat verildi ki, məktəbin 1963-cü ildə tikilmiş binası tam yararsız vəziyyətə düşdüyünə görə, bu ilin mart ayında sökülüb yenidən inşa edilmişdir. 792 yerlik məktəbdə hazırda 700 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 140 müəllim məşğul olur. Ötən tədris ilində məktəbi bitirənlərdən 29 nəfəri müxtəlif ali məktəblərə daxil olmuşdur. Üçmərtəbəli binada 40-dan çox sinif otağı, fənn kabinetləri, laboratoriyalar, kitabxana, həkim otağı, idman salonu, bufet, yeməkxana var. Məktəbin kompyuter otağındakı 29 kompyuter internetə qoşulmuşdur. İxtisaslı müəllimlər şagirdlərə kompyuterlərdən istifadə qaydalarını öyrədirlər. Məktəbin idman meydançası da var.
Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqlarına, laboratoriyalara, kitabxanaya, bufet və yeməkxanaya, idman salonuna baxdı, məktəbdə yaradılmış şəraiti yüksək qiymətləndirdi və ölkəmizdə bu prosesin davam etdiriləcəyini bildirdi.
Sonra dövlətimizin başçısı şagirdlərlə səmimi görüşdü, onlara təhsillərində uğurlar arzuladı və bilikli, savadlı böyümələri üçün dövlət tərəfindən hər cür diqqət və qayğı göstəriləcəyini söylədi.