REGİONLAR
ABŞ-ın ölkəmizdəki səfiri Şəki Rayon Mərkəzi Xəstəxanasında yaradılan Təlim Mərkəzi ilə tanış olub VİDEO
Şəki, 4 avqust, Mustafa Dadaşov, AZƏRTAC
ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer avqustun 4-də Şəki şəhərində olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər zamanı səfir ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və UNICEF tərəfindən TƏBİB və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərəfdaşlığı ilə həyata keçirilən və “PROACT” Təlim Proqramı çərçivəsində Şəki Rayon Mərkəzi Xəstəxanasında təsis edilən Təlim Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Mərkəzlə tanışlıqdan sonra səfir Li Litzenberqer media nümayəndələrinə açıqlamasında deyib: “Bu gün ABŞ hökumətinin maliyyələşdirdiyi və UNICEF, ÜST tərəfindən həyata keçirilən “PROACT” layihəsi çərçivəsində Şəkinin Mərkəzi Xəstəxanasında yaradılan Təlim Mərkəzində olmağımdan çox şadam. Keçirilən təlimlər bu bölgədəki səhiyyə işçilərinin COVID-19 ilə mübarizə bacarıqlarının və eyni zamanda, peşə bacarıqlarının artırılması məqsədi daşıyır. Bu layihə çərçivəsində 500-dən çox səhiyyə işçisi və mütəxəssisi təlimlərə qatılıb. Azərbaycanın qlobal pandemiya ilə üzləşdiyi bir vaxtda ölkə vətəndaşlarının həyatlarının qurtarılması, onların sağlamlıqlarının təmin edilməsi üçün çox böyük səylər göstərmiş səhiyyə işçilərinə dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın müxtəlif yerlərində 12 belə Təlim Mərkəzi açılıb. Bu Təlim mərkəzləri ABŞ hökumətinin Azərbaycan Respublikasına COVID-19 ilə mübarizə aparmaq üçün ayırdığı 7 milyon ABŞ dolları məbləğində vəsait hesabına həyata keçirilib. Ölkələrimizin əl-ələ verərək, əməkdaşlıq edərək əldə etdiyi nəticələrlə böyük fəxarət hissi duyuram. Gözəl, füsunkar Şəki şəhərində olmaqdan çox məmnunam”.