SİYASƏT


ADA Universitetində Azərbaycan-Polşa əlaqələrinin 100 illiyinə həsr edilən konfrans keçirilib

Bakı, 7 noyabr, AZƏRTAC

Noyabrın 7-də ADA Universitetində Azərbaycan ilə Polşa arasında əlaqələrin qurulmasının 100 illiyinə həsr edilən “Prometey hərəkatı II Dünya müharibəsindən əvvəl müsəlman xalqlara qarşı - Azərbaycanda və Orta Asiyada Prometey hərəkatı” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Polşanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə universitetin foyesində Prometey hərəkatına dair sərgi ilə tanış olublar.

Konfransın açılışında çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Prezident İlham Əliyevin Sərəncamı ilə bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyini söyləyib.

Azərbaycan-Polşa münasibətlərinə toxunan prorektor əlaqələrimizin yüksək səviyyədə olduğunu bildirib.

Polşanın Azərbaycandakı səfiri Marek Tsalka ADA Universiteti ilə artıq bir neçə layihənin reallaşdırıldığını qeyd edib. O, Azərbaycan-Polşa münasibətlərinin genişləndiyini vurğulayıb.

Polşanın xarici işlər nazirinin müavini Bartoş Cixotski Azərbaycan-Polşa əlaqələrinin tarixindən danışıb, ikitərəfli münasibətlərin inkişaf etdiyini bildirib. O, Polşanın və Azərbaycanın strateji tərəfdaşlar olmasının əhəmiyyətini vurğulayıb. Nazir müavini, həmçinin Azərbaycanın energetika sahəsində layihələrin həyata keçirilməsində önəmli rolundan danışıb.

Varşava Universitetinin Şərqi Avropa İnstitutunun professoru Pavel Koval çıxışında bildirib ki, bu, Prometey hərəkatına həsr olunmuş altıncı konfransdır. O, Polşada yaşayan azərbaycanlılarla sıx əməkdaşlıq etdiklərini söyləyib. “Biz istərdik ki, Polşa-Azərbaycan əlaqələri akademik səviyyədə olduğu kimi, bütün sahələrdə dərinləşsin”, - deyə professor bildirib.

Polşalı digər professor Przemislav Zuravski vel Qrajevski “Prometeizm” ideyasının tarixi barədə danışıb. O, Azərbaycanın Polşa üçün etibarlı tərəfdaş olduğunu qeyd edib.

Sonra konfransda tanınmış diplomat, ictimai xadim Ramiz Abutalıbov, gürcüstanlı tədqiqatçı Georgi Mamulia, Milli Məclisin deputatları Musa Qasımlı, Asim Mollazadə və başqaları çıxış edərək Prometeizm hərəkatı, həmçinin Azərbaycan-Polşa əlaqələri barədə fikirlərini bildiriblər.

Tədbir müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.