Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb
London, 8 iyun, AZƏRTAC
Böyük Britaniyada işəgötürənlər artan qlobal və daxili qeyri-müəyyənlik səbəbindən daimi işçi qəbulu planlarını təxirə salır və ya dayandırırlar.
AZƏRTAC "Reuters"ə istinadla xəbər verir ki, bu barədə KPMG audit şirkəti və İşə Qəbul və Məşğulluq Konfederasiyasının (REC) dərc etdiyi aylıq “İş yerləri üzrə hesabat”da bildirilib.
Hesabatda qeyd olunub ki, İran müharibəsinin yaratdığı əlavə xərc təzyiqləri və iqtisadi perspektivlərlə bağlı qeyri-müəyyənlik şirkətləri daha ehtiyatlı davranmağa məcbur edib. Nəticədə, daimi iş yerlərinə yerləşdirmələrin sayı 2025-ci ilin iyul ayından bəri ən sürətli tempdə azalıb. Məlumata görə, Böyük Britaniyada daimi iş yerlərinə yerləşdirmələr artıq ardıcıl 44 aydır ki, geriləyir. Bu, sorğunun 1997-ci ildə keçirilməyə başlanmasından bəri qeydə alınan ən uzun azalma dövrüdür.
Ekspertlər hesab edirlər ki, bizneslərin xərclərinin artması, geosiyasi gərginliklər və iqtisadi artımla bağlı narahatlıqlar əmək bazarına mənfi təsir göstərməkdə davam edir.
KPMG-nin qrup üzrə baş icraçı direktoru Con Holt bildirib ki, davam edən qlobal və daxili qeyri-müəyyənlik biznesləri daha ehtiyatlı davranmağa vadar edir və bu tendensiya işə qəbul qərarlarında getdikcə daha aydın görünür.