Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir
Bakı, 8 iyun, AZƏRTAC
Süni intellekt, rəqəmsal transformasiya və texnoloji yeniliklər yalnız əmək bazarını deyil, eyni zamanda, təhsil sistemini və gələcəyin peşələrini də sürətlə dəyişir. Bu səbəbdən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının fəaliyyətinin əsas istiqamətlərindən biri gənclərin rəqəmsal bacarıqlarının inkişafına, onların gələcəyin çağırışlarına hazırlanmasına dəstək verməkdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova deyib.
Onun sözlərinə görə, bu istiqamətdə müxtəlif təlimlər, forumlar, vebinarlar və maarifləndirmə layihələri həyata keçirilir. Xüsusilə süni intellektin təhsildə tətbiqi, rəqəmsal savadlılıq, innovativ tədris metodları, layihələrin idarəolunması və XXI əsr bacarıqları mövzularında gənc müəllimlər və tələbələr üçün davamlı inkişaf proqramları təşkil edilir.
“2025-ci ilin fevralında təşkil etdiyimiz V Gənc Müəllimlərin Şəbəkələşmə Forumu da bu istiqamətdə həyata keçirdiyimiz ən mühüm təşəbbüslərdən biri olub. Forum çərçivəsində süni intellekt, rəqəmsal transformasiya və gələcəyin təhsil modelləri müzakirə olunub, iştirakçılar əmək bazarının yeni tələbləri və innovativ texnologiyaların yaratdığı imkanlar barədə məlumatlandırılıblar. Forumun əsas xüsusiyyətlərindən biri isə əldə olunan bilik və bacarıqların tədbirdən sonra da davamlı şəkildə tətbiqinə yönəlməsi olub. İştirakçılar öz məktəblərində, təhsil icmalarında və peşəkar şəbəkələrində əldə etdikləri bilikləri paylaşmağa, yeni təşəbbüslər həyata keçirməyə və digər müəllimlərin inkişafına dəstək verməyə təşviq olunublar”, - deyə sədr əlavə edib.
Pərvanə Qədimova AGMA-nın nəzdində fəaliyyət göstərən fənn birliklərinin də bu istiqamətdə mühüm rol oynadığını diqqətə çatdırıb: “Hər bir fənn birliyində müəllimlərə öz fənlərinin məzmununa uyğun olaraq süni intellekt alətlərindən istifadə yolları, dərslərin planlaşdırılması, qiymətləndirmə proseslərinin təkmilləşdirilməsi və tədris materiallarının hazırlanmasında süni intellektin imkanları praktik nümunələr əsasında təqdim olunur. Məqsəd süni intellekti ümumi bir anlayış kimi deyil, konkret fənlərin tədrisində tətbiq ediləbilən effektiv vasitə kimi müəllimlərə tanıtmaqdır”.
Sədr AGMA tərəfindən təşkil olunan ikigünlük “Süni intellektin tədrisdə tətbiqi” adlı praktik təlim proqramı vasitəsilə yüzlərlə müəllimin süni intellekt alətlərindən dərs prosesində istifadə, fərdiləşdirilmiş öyrənmə mühitinin qurulması, interaktiv resursların hazırlanması və tədris keyfiyyətinin artırılması istiqamətində praktiki bacarıqlar əldə etdiyini diqqətə çatdırıb. “Təlim yalnız nəzəri biliklərlə məhdudlaşmayıb, iştirakçıların təlimdən sonra öz məktəblərində və yerli təhsil icmalarında öyrəndiklərini tətbiq etmələri, həmkarları ilə bölüşmələri və yeni təşəbbüslərə liderlik etmələri üçün davamlı mentorluq və peşəkar əməkdaşlıq mühiti yaradılıb”, - deyə Pərvanə Qədimova vurğulayıb.
Assosiasiya sədri inanır ki, gələcəyin əmək bazarında uğur qazanmaq üçün yalnız peşə bilikləri deyil, rəqəmsal savadlılıq, innovativ düşüncə, çeviklik və texnologiyadan səmərəli istifadə bacarıqları da vacibdir: “AGMA olaraq fəaliyyətimizi məhz bu bacarıqların inkişafına yönəldir, gənclərin və müəllimlərin rəqəmsal transformasiyanın yaratdığı imkanlardan maksimum faydalanmalarına dəstək oluruq”.