Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
Bakı, 8 iyun, AZƏRTAC
Millimizin Malta ilə matçda məğlubiyyəti gözlənilməz oldu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Yunis Hüseynov Azərbaycan millisinin Maltaya 0:2 hesabı ilə məğlub olduğu oyunu dəyərləndirərkən deyib.
O, yığmanın yaratdığı qol imkanlarından yararlana bilmədiyini söyləyib: “Əlbəttə, hər zaman istəyirik ki, milli komandamız qalib gəlsin. Malta ilə oyunda da hamının gözləntisi qələbə idi. Komandamız müəyyən sayda qol imkanları yaratsa da, təəssüf ki, bunlardan yararlana bilmədi. Futbolda isə qol epizodları yox, nəticə yaddaqalan olur. Ona görə də bu oyunu uğurlu hesab etmək çətindir”.
Veteran futbolçu Azərbaycan millisinin rəqibdən üstün oyun nümayiş etdirməsinin nəticəyə təsir etmədiyini vurğulayıb: “İmkanlar yaratmaq vacibdir, amma onları qola çevirmək daha önəmlidir. Malta FIFA reytinqində bizdən aşağı pillələrdə qərarlaşan komandadır. Buna görə də azarkeşlər və futbol ictimaiyyəti qələbə gözləyirdi. Açığı, bu məğlubiyyəti gözləmirdik”.
Y.Hüseynov növbəti rəqib olan San-Marino ilə görüşə də toxunub: “Ümid edirəm ki, komanda bu oyunda daha diqqətli olacaq. Əgər Malta ilə görüşdə olduğu qədər qol epizodu yaradılsa və onlardan istifadə edilsə, qələbə qazanmaq mümkündür”.
O, Millətlər Liqasının pley-off mərhələsində Litva və Lixtenşteynə qarşı keçiriləcək oyunların əhəmiyyətindən də danışıb: “Hesab edirəm ki, Azərbaycan millisi C Liqasına qayıtmalıdır. Hətta qayıtmaq məcburiyyətindədir. Qarşıdakı rəqiblər keçilməz komandalar deyil. Həmin görüşlərdə mütləq qələbə qazanmaq lazımdır. İnanıram ki, komandamız bu vəzifənin öhdəsindən gələ bilər”.
Qeyd edək ki, Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində növbəti oyununu iyunun 9-da San-Marinoya qarşı keçirəcək.